Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində, Ağciyər Xəstəlikləri Dispanserində, Yoluxucu Xəstəliklər Mərkəzində və Onkoloji Mərkəzdə çalışan işçilərin vəzifə maaşları 10% artırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, sərəncam 2015-ci il iyulun 1-dən qüvvəyə minir.