Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələyərək 23 milyon 337 min manat olub.
Oxu.Az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu statistik göstərici muxtar respublikanın cari ilin 6 ayını əhatə edən sosial iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
Ümumi xidmətlərin 84,6 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 1,2 faiz çoxdur.
Cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 3311 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub, 1 iyul 2014-cü il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 67-yə çatıb.