İndoneziya hökuməti Azərbaycanın enerji resurslarının istifadəsi ilə bağlı rəsmi Bakı ilə birbaşa əlaqələrin yaradılmasında maraqlıdır.
Oxu.Az xəbər verir ki, bu sözləri Nazirliyində İndoneziyanın energetika və mineral sərvətlər naziri Sudirman Səid Energetika Naziri Natiq Əliyevlə görüşündə bildirib.
Onun sözlərinə görə, İndoneziyada neft hasil edilsə də, hasilatın həcmi ölkənin daxili ehtiyaclarını ödəmək güçündə deyil:
"Ona görə də İndoneziya enerji təhlükəsizliyini təmin etmək məqsədilə digər neft və qaz istehsalçısı olan ölkələrlə birbaşa əlaqələrin yaradılmasına üstünlük verir. Azərbaycan da bu istiqamətdə mühüm ölkələrdən biridir"-deyə, o qeyd edib.
İndoneziya ilə siyasi, iqtisadi sahələrdə ikitərəfli əlaqələrinin inkişafının qənaətbəxş səviyyədə olduğunu deyən energetika naziri Natiq Əliyev isə bildirib ki, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar var.
“Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsinin həcmi 3,4 mlrd dollardır. Ötən il Azərbaycanda istehsal olunan xam neft və neft məhsullarının 2 milyon tonu İndoneziyaya ixrac olunub.
İndoneziya Azərbaycanın neft emalı, kəşfiyyat işlərində böyük təcrübəsi var və İndoneziya bu təcrübədən bəhrələnə bilər. Azərbaycan İndoneziyanın neft sektorunda investor kimi də çıxış etməyi planlaşdırır”-deyə, N.Əliyev bildirib.
Nazir bu ilin sentyabrında “Əsrin müqaviləsi”nin növbəti ildönümü ilə bağlı keçiriləcək tədbirə ölkələrimiz arasında enerji sahəsində nəzərdə tutulan planların müzakirəsi məqsədilə indoneziyalı naziri də dəvət edib.
Sonda Birgə Bəyannamə imzalanıb.
Ülviyyə R. Əli
www.oxu.az