"Hazırda Azərbaycanda İslam İnkişaf Bankı (IsDB) Qrupu ilə birlikdə ümumi dəyəri təxminən 640 milyon ABŞ dolları olan 11 layihə icra mərhələsindədir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş yekun mətbuat konfrasında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan IsDB-nin üzvü olduqdan sonra onun nizamnamə kapitalındakı ilkin payı 0,1% olsa da, bu illər ərzində 10%-ə yüksəlib:
"Bu göstərici Azərbaycanın Qrupun fəaliyyətində artan rolunu və bu təşkilata sadiqliyini nümayiş etdirir. Azərbaycan-IsDB əməkdaşlığının inkişafına verilən qiymət ölkəmizin "Dostluq" ordeni ilə nümayiş etdirilib. Bu yüksək mükafat tərəfdaşlığa ən ali səviyyədə verilən önəmi bir daha təsdiqləyir.
IsDB müstəqilliyimizin ilk illərindən Azərbaycana dəstək göstərən ilk beynəlxalq maliyyə qurumlarından biri olub. Bu gün isə tərəfdaşlıq Azərbaycanın nailiyyətlərini əks etdirən yeni, daha transformativ mərhələyə qədəm qoyub. Həmin dövrdən bəri Bank infrastruktur, kənd təsərrüfatı, enerji, su təsərrüfatı, nəqliyyat və maliyyə xidmətləri daxil olmaqla iqtisadiyyatın əsas sahələrində 84 əməliyyat üzrə təxminən 1.8 milyard ABŞ dolları maliyyələşdirmə aparıb. Bu layihələrin böyük əksəriyyəti artıq uğurla başa çatdırılıb".
M. Cabbarov əlavə edib ki, Azərbaycan və IsDB Qrupu arasında 2027-2031-ci illəri əhatə edən yeni Üzv Ölkə Tərəfdaşlığı Strategiyası hazırlanıb.
O vurğulayıb ki, növbəti 5 ildə əməkdaşlıq iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyaların artırılması, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, regional əlaqələndirmənin və konnektivliyin genişləndirilməsi kimi prioritet istiqamətlər üzrə inkişaf etdiriləcək.
M.Cabbarov bildirib ki, hazırda tərəflər su təchizatı və təmizlənməsi, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, işğaldan azad edilmiş ərazilərin inkişafı və Ələt Azad İqtisadi Zonası ilə bağlı layihələr üzərində işləyirlər.
Onun sözlərinə görə, diqqətçəkən layihələrdən biri IsDB Qrupunun Qarabağ Baş Suvarma Kanalı və Qız Qalası Su Anbarının maliyyələşdirilməsində iştirakıdır:
"Bu layihələrin Cəbrayıl və Füzuli rayonlarında, eləcə də ətraf ərazilərdə su idarəçiliyinin təkmilləşdirilməsinə və kənd təsərrüfatı məhsuldarlığının artırılmasına mühüm töhfə verəcəyi gözlənilir".
Nazir həmçinin bildirib ki, IsDB Qrupu və Ərəb Koordinasiya Qrupuna daxil olan maliyyə institutlarının birgə səyləri nəticəsində nəqliyyat, dəmir yolu və su təchizatı sahələrində çoxmilyardlıq layihələr paketi üzrə mühüm irəliləyiş əldə olunub.
"Dünən Prezident İlham Əliyevlə keçirilən görüş zamanı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə istiqamətlər müəyyənləşdirilib", - deyə o əlavə edib.