Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Baku TV-nin "Rəsmi cavab" verilişində ölkədə aqrar sektorun son illərdə əldə etdiyi nailiyyətləri təhlil edib.
Nazir aparılan strateji dəyişikliklər nəticəsində əkin strukturunda ciddi dəyişikliklərin baş verdiyini və ixrac həcminin tarixi rekorda çatdığını vurğulayıb.
O qeyd edib ki, kənd təsərrüfatında baş verən dəyişiklikləri bir neçə qrupa bölmək olar. Birinci nailiyyət infrastrukturla bağlıdır: kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, su kanallarının inşası və su çəkmə layihələri ölkədə geniş vüsət alır.
Məcnun Məmmədov bildirib ki, Azərbaycanda əkin strukturunda tarixən ən az dəyər yaradan bitkilərin (taxıl, yem və texniki bitkilər) əkilməsi çoxluq təşkil edirdi:
"Azərbaycanda ən az dəyər yaradan bitkilərin payı 90 faizin üstündə idi. 92 faizdən son 3-4 ildə 87-86 faizlərə qədər azalıb. Buradakı əsas məqsədimiz fermerlərin daha gəlirli sahələrə yönəlməsinə nail olmaqdır ki, onların gəlirlilik səviyyəsi artsın. Düşünürəm ki, buradakı əkin strukturunda başlayan dəyişiklik və dinamika öz-özlüyündə bir nailiyyətdir".
Nazir son illərdə əsas üstünlük verdikləri istiqamətin meyvəçilik və giləmeyvə bağlarının salınması olduğunu bildirib:
"Son 5 ildə 30 min hektardan çox intensiv meyvə bağları salınıb. Bağçılıq, uzunmüddətli əkinlərin ölkənin əkin strukturundakı payı artmağa başlayıb və sirr deyil ki, bir hektar meyvə bağı fermer üçün bir hektar taxıl sahəsindən daha çox gəlir gətirir. Həm çəyirdəkli, həm də tumlu meyvələrin bağlarının salınması və genişlənməsi olduqca diqqətəlayiqdir".
Məcnun Məmmədov heyvandarlıqda da müəyyən dəyişikliklərin olduğunu qeyd edib. Son 5 il ərzində ümumi 11%-ə qədər artım müşahidə olunur. Ən böyük artım isə quşçuluqda - həm ət, həm də yumurta istehsalında görülüb. Yumurta istehsalı son illərdə 20 faizdən çox, sənaye müəssisələrində ərzaqlı yumurta istehsalı isə 43 faizdən çox artıb. Nazir bu faktı sənayeləşmənin baş verməsi kimi qiymətləndirib.
Nəhayət, nazir kənd təsərrüfatında məhsul istehsalının ixraca yönəlməsinin son illərdə ciddi şahidi olduğunu deyib:
"Bu ilin ilk 9 ayı ərzində tərəvəz ixracı miqdar həcmi olaraq 23%, meyvə ixracı isə 37% artım göstərib. Bu çox böyük bir nəticədir. İlk dəfə olaraq həm kənd təsərrüfatı, həm də emal olunmuş məhsulların ixracı ilk doqquz ayda ölkə tarixində bir milyard dolları keçib".
Nazir bu müsbət dinamikanın gələcəkdə də davam edəcəyinə ümid etdiyini vurğulayıb, çünki son beş ildə salınan bağlar yaxın illərdə məhsul verərək, ölkənin aqrar iqtisadiyyatına və valyuta girişinə müsbət təsir göstərəcək.