Azərbaycanın əkinə yararlı torpaqlarının, su ehtiyatlarının qıtlığı və işğal olunmuş ərazilərdə qalan torpaqlar hesabına kənd təsərrüfatı sahəsində ölkəmizə dəyən iqtisadi zərər böyük miqyaslıdır.
Oxu.Az xəbər verir ki, nazirliyin məlumatına görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Avropa Şurası Parlament Assambleyasının Sosial İşlər, Sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi xanım Militsa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, işğalçı Ermənistan indi də mənbəyini Dağlıq Qarabağdan götürən çayların su ehtiyatlarından səmərəli istifadə etməyə imkan vermir, onların bioloji və mikrobioloji vasitələrlə çirklənməsinə şərait yaradır, radioaktiv maddələrin, sənaye və məişət tullantılarının təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa çaylara axıdılmasına yol verir.
“İşğal olunmuş rayonlarda 645,5 min hektar kənd təsərrüfatına yararlı, o cümlədən 185,5 min hektar çox qiymətli əkin yerləri, 40 min hektar bar verən üzüm plantasiyaları dövriyyədən çıxarılıb və bütövlükdə bu hesabla respublikamıza külli miqdarda ziyan vurulub”- deyə o bildirib.
Nazir müavini başlıcası Yuxarı Qarabağ və onunla qonşuluqda yerləşən rayonlarda torpaqların suvarılması üçün zəmanətli su mənbəyi olan Sərsəng su anbarı və gücü 50 MVt olan iki aqreqatlı elektrik stansiyasının işğal altında qalmasının su ehtiyatlarımıza böyük zərbə olduğunu qeyd edib.