"Energetika Nazirliyi olaraq qeyd etmək istəyirik ki, sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölüşdürülməsi və bu məqsədin tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması yolu ilə əldə olunmasıdır".
Oxu.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeyxanov parlamentin bugünkü plenar iclasında "Qaz təchizatı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, sabit aylıq tarif hər bir abonent üçün bir manatı aşmayacaq:
"Qanun layihəsində təsbit olunan və hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün az da olsa azalmasına iqtisadi zəmin yaradacaq. Sabit tarifin maliyyə tutumu məsələsinə gəldikdə isə, aparılmış hesablamalara əsasən, əvvəlki tarif dövrlərinə dair indikativ təhlillər göstərir ki, bu məqsədlə nəzərdə tutulan faktiki xərclərin həcmi ümumi xərclərin iki faizindən aşağıdır. Bu isə sabit tarifin əhalinin hər bir abonenti üçün aylıq bir manatdan artıq olmayacağı anlamına gəlir. Sabit tarif çərçivəsində ödənilən xərclər hazırda aktiv istehlakçılar tərəfindən mövcud tarif daxilində artıq ödənilir və bu yanaşma əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq"
Mərahim Nəsib