Nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək biznes subyektlərinin uçot-hesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə, saxta aksizli əmtəələrin satışının təşkili və s. kimi qanun pozuntularına yol verilir.
Oxu.Az xəbər verir ki, bu sözləri vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlər üçün təşkil edilən mətbuat konfransında deyib.
S.Ələkbərov cari ilin ötən dövrü ərzində keçirilmiş xronometraj müşahidələr nəticəsində, habelə məsafədən məlumat ötürmə qurğuları quraşdırılmış bir sıra iri ticarət obyektlərində ticarət dövriyyəsinin dəfələrlə, hətta bəzən 10 dəfədən də çox azaldıldığının aşkar edildiyini bildirib.
O, belə vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlərin görüldüyünü, həmin tədbirlərin bundan sonra da davam etdiriləcəyini və vergi qanunvericiliynə əməl etməyənlərə qarşı daha sərt tədbirlər görüləcəyini vurğulayıb.
Son günlər mətbuatda iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən əlavə dəyər vergisi ilə bağlı güzəşt istəməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, həm yerli, həm də beynəlxalq ekspertlərin mövqeyi belədir ki, Azərbaycanda ƏDV-nin dərəcəsi ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğundur.
Nazir müavini ƏDV-nin ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil etdiyini, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə biləcəyini, beynəlxalq təcrübədə bu cür vergi güzəştlərinin, bir qayda olaraq, dövlətin inkişafını xüsusi nəzarətə götürdüyü istehsal, innovativ inkişaf və geniş investisiya qoyuluşu tələb edən sahələrin dəstəklənməsi, eləcə də ayrı-ayrı regionların və iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını təmin etmək məqsədilə tətbiq olunduğunu nəzərə çatdırıb.
“Populist çıxışlarla bu məsələdən bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərənlər isə bilməlidirlər ki, vergi güzəştləri kiminsə istəyi, xahişi ilə deyil, dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq, aidiyyati dövlət qurumlarının ölçülüb-biçilmiş konkret iqtisadi hesablamalarına əsaslanan təhlillər nəticəsində, müəyyən müddətə verilir”, - deyə o bildirib.
Vergi qanunvericiliyində ayrı-ayrı sahələrin inkişafı üçün kifayət qədər güzəştlərin mövcud olduğunu qeyd edən nazir müavini indiki mərhələdə ayrı-ayrı ticarət şəbəkələrinə ƏDV ilə bağlı vergi güzəştlərinin verilməsinin məqbul hesab olunmadığını bildirib.
Ülviyyə R. Əli
www.oxu.az