İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib, respublikanın iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr verib.
İKT cəmiyyətimizin həyatına fəal nüfuz edir, əhalinin 70%-i internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisinə çevrilib və bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir.
Oxu.Az hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Ə.Abbasov bildirib ki, ölkə əhalisinin 98%-nin yaşadığı ərazilər rəqəmli televiziya ilə əhatə olunub və Azərbaycan indi rəqəmsal efirə keçməyə tam hazırdır. Onun sözlərinə görə, respublikada internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır, ən yeni 3G, 4G xidmətləri təqdim edilir və nəticədə hazırda hər 100 nəfərə 110 mobil abunəçi düşür.
“İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Sevindirici haldır ki, Azərbaycan “Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir” - deyə, nazir vurğulayıb.