Hazırda ölkə ərazisində 40-a yaxın mehmanxana və mehmanxana tipli obyektlərin tikintisi davam etdirilir.
Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 2014-cü il ərzində 79 mehmanxana və mehmanxana tipli obyektə xüsusi razılıq (lisenziya) verilib.
Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin sayı 304-dür. Bunlardan 134-ü Bakı şəhərində, 170-i isə respublikamızın regionlarında fəaliyyət göstərir.
2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən, otaqların sayı 16.876 (keçən ilin analoji dövrü ilə müqayisədə 7,1% artıq), birdəfəlik tutum isə 34.731 (keçən ilin analoji dövrü ilə müqayisədə 6,1% artıq) olub.
Mehmanxana və mehmanxana tipli obyektlərdə çalışan işçilərin sayı 8.118 nəfər təşkil edib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə (7.668 nəfər) 5,9% çoxdur. 2014-cü ilin I yarımili ərzində göstərilən mehmanxana xidmətinin satışından əldə olunan gəlir isə təqribən 80 milyon manat təşkil edib.