2015-ci ilin yanvarın 1-i vəziyyətinə payızlıq əkinlər üçün 1017,0 min hektar sahədə şum qaldırılıb, 892,3 min hektarda dən və yaşıl yem üçün, o cümlədən 875,7 min hektar dən üçün payızlıq taxıl səpilib ki, onun da 537,2 min hektarını buğda, 338,4 min hektarını arpa təşkil edir.
Oxu.Az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, 2014-cü il yanvarın 1-i ilə müqayisədə şum qaldırılması 6,5 faiz, dən üçün taxıl səpini 10,6 faiz azalıb.
Nazirlik azalmanın səbəblərinə aydınlıq gətirib:
“Mövsüm ərzində baş vermiş quraqlıqla əlaqədar torpağın əkin qatı hədsiz dərəcədə bərkidiyinə görə biçindən sonra sentyabr ayına qədər bir sıra rayonlarda vaxtında şum qaldırılmadığından optimal müddətdə səpin aparmaq mümkün olmayıb və nəticədə bu sahədə ötən illə müqayisədə azalma müşahidə olunub.
Nazirlik tərəfindən şum və səpin aparılması nəzarətə götürülüb, bəzi rayonlarda qərargahlar yaradılıb, ərazi kənd təsərrüfatı idarələrindən şum və səpinin gedişatı barədə gündəlik operativ məlumatlar toplanılıb və müvafiq təhlillər aparılıb”.