Nazirlik Bakı, Mingəçevir və Gəncə şəhərlərində, Lənkəran və Bərdə rayonlarında yerləşən iri işəgötürənlərdə (“AKKORD” STIK ASC, “Azneftmaş” ASC, “Det-Al Aliminium” MMC, “Lənkəran Konserv” ASC, “Yağ Pendir-Az-Qida” ASC) əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirib.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, həmin müəssisələrin işəgötürənləri və əmək kollektivləri ilə keçirilən görüşlərdə Azərbaycanda əməyin mühafizəsi sahəsində daim güclənən dövlət siyasətindən bəhs olunub, ölkədə hər bir vətəndaşın sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının konstitusion hüquqlardan biri olduğu diqqətə çatdırılıb. Görüşlər zamanı əmək qanunvericiliyi, xüsusən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı norma və standartlar, qaydalar barədə işçi və işəgötürənlərə ətraflı məlumatlar verilib, işçinin həyat və sağlamlığının müəssisənin iqtisadi maraqlarından üstün tutulduğu vurğulanıb.
Əməyin mühafizəsi, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi sahəsində işəgötürənlərin vəzifələri, habelə bu vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri də işəgötürənlərin nəzərinə çatdırılıb.