“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən, yanvarın 1-i 2015-ci ildən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək.
Qanun qüvvəyə mindikdən sonra bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi Tural Quliyev bildirib.
Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə 803 vergi ödəyicisi üzrə 30,9 mln. manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib, onlardan 172 iş üzrə 1 mln. 653,3 min manat məbləğində yayındırılmış vergi məbləği dövlət büdcəsinə ödənildiyi üçün həmin şəxslər barəsində cinayət işi başlanılmamış və ya başlanılmış cinayət işlərinə xitam verilib.
O, nazirlik tərəfindən borclu vergi ödəyicilərinə qarşı həyata keçirilmiş cərimələrə də toxunub:
“Bu il ərzində borclu vergi ödəyicilərinin bank hesablarına qoyulmuş sərəncamlar nəticəsində 31,1 mln. manat məbləğində, əmlakın siyahıya alınması barədə açılmış qərarların icrası nəticəsində 60,3 mln. manat məbləğində və vergi ödəyicisinin borcunun təsisçisi olduğu hüquqi şəxsdəki payına yönəldilməsi nəticəsində 1,6 mln. manat məbləğində borc dövlət büdcəsinə ödənilib.
519 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub.
Borclu fiziki şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar vergi orqanları tərəfindən icra məmurlarına edilmiş müraciətlər və onların verdikləri təqdimatlar əsasında məhkəmələr 60 vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarlar qəbul edib”.