Aprelin 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ-ın) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, SOFAZ-dan verilən məlumata görə, Azərbaycan Respublikasının baş naziri, SOFAZ-ın Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, SOFAZ-ın 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.
Şura fondun icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PriceWaterHouseCoopers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib.
Bundan başqa, fondun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq etmək üçün Azərbaycan Respublikasının prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.
A.Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.
Qeyd edək ki, 2014-cü il 1 yanvar tarixinə olan məlumata görə, hazırda Azərbaycan Dövlət Neft Fondunun aktivləri 35 milyard 877,5 milyon ABŞ dolları təşkil edir.