2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat vəsait köçürülməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
2026-cı ilin təsdiqlənmiş büdcəsində Dövlət Neft Fondundan transfertlərin yuxarı həddi 12 milyard 835 milyon manat müəyyən edilib.
Beləliklə, gələn il Neft Fondundan dövlət büdcəsinə köçürüləcək vəsaitin 935 milyon manat və ya 7.3 faiz azaldılması nəzərdə tutulur.
Müqayisə üçün bildirək ki, 2026-cı ildə Neft Fondundan transfertlərin dövlət büdcəsinin ümumi gəlirlərində payı təxminən 33.2 faiz təşkil edir. 2027-ci ildə isə bu göstəricinin 30.3 faizə enəcəyi gözlənilir.
Bu da dövlət büdcəsinin gəlirlərində Neft Fondundan transfertlərin payının təxminən 2.9 faiz bəndi azalması deməkdir.
Qeyd edək ki, 2027-ci ildə dövlət büdcəsinin ümumi gəlirlərinin 39 milyard 254 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 645 milyon manat çoxdur.