"Dövlət büdcəsi - 2027" teqi üzrə xəbərlər

Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsi: neft qiymətindən sosial ödənişlərə qədər əsas göstəricilər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində neft qiymətindən tutmuş sosial müavinətlərə, müdafiə xərclərindən təhsil maliyyələşdirilməsinə qədər bir sıra mühüm göstəricilər əksini tapıb.

Maliyyə naziri Sahil Babayev bildirib ki, bugünkü geosiyasi vəziyyəti nəzərə alaraq neftin qiymətinin daha yüksək ola biləcəyini düşünsələr də, fiskal çərçivənin qorunması və ortamüddətli dövr üzrə vahid fiskal intizamın tətbiqi üçün konservativ yanaşma ilə barel üçün 65 dollar proqnozu əsas götürülüb. Bununla yanaşı, layihəyə əsasən 2030-cu ildə bir barel neftin fiskal itkisiz qiymətinin hazırkı 85 dollardan 65 dollara enəcəyi proqnozlaşdırılır, ortamüddətli dövrdə bu göstəricinin 65 dollardan aşağı düşmə ehtimalının isə az olduğu qeyd olunur. Neft-qaz sektorunda qiymətlərin baza proqnozundan kənarlaşması halında 2030-cu ildə icmal büdcə balansının ÜDM-ə nisbətinin baza ssenari olan -0.3 faizlə müqayisədə müxtəlif ssenarilərdə 1.2-2.4 faiz bəndi aralığında dəyişməsi gözlənilir. Növbəti il üçün orta illik inflyasiya 5.3 faiz, manatın dollara nisbətən məzənnəsi isə 1.7 civarında müəyyən edilib.

Əhalinin gəlirləri və investisiyalar: 2027-2030-cu illər üzrə proqnoz

İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempinin 2027-ci ildə 3.5 faiz, 2028-2030-cu illərdə isə ortaillik 3.7 faiz olacağı proqnozlaşdırılır. Gəlirlərə uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3.6 faiz, sonrakı üç ildə isə ortaillik 3.7 faiz səviyyəsində gözlənilir. Hesablamalara görə, əsas kapitala investisiyaların həcmi 2027-ci ildə 2.4 faiz, 2028-2030-cu illərdə isə ortaillik 2.1 faiz artacaq.

Layihədə bir sıra sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Üç yaşınadək uşağı olan sığortaolunan analara ödənilən aylıq müavinət bir nəfərə görə 37.58 manatdan 100 manata qaldırılır, yəni demək olar ki, üç dəfəyə yaxın artırılır. Uşağın anadan olmasına görə ödəniləcək məbləğ isə 2026-cı ildəki 600 manatdan 1500 manata, yəni 900 manat artırılacaq. Dəfn üçün ödənilən vəsait də artırılır: pensiyaçılara ödənilən dəfn pulunun orta məbləği 946 manatdan 1200 manata, sığortaolunanlar üçün isə 590 manatdan 700 manata qaldırılacaq.

Təhsil sahəsində də dəyişikliklər planlaşdırılır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 4 970 nəfər artaraq 148 950 nəfərə, təqaüd alanların sayının isə təqribən 6 190 nəfər artaraq 118 750 nəfərə çatacağı gözlənilir. Bu artımlar nəzərə alınmaqla, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 613 milyon manat vəsait proqnozlaşdırılır ki, bunun 422 milyon manatı təhsil xərcləri (cari illə müqayisədə 10 milyon manat və ya 2.4 faiz çox), 184 milyon manatı təqaüd xərcləri (cari illə müqayisədə 7 milyon manat və ya 4 faiz çox), 7 milyon manatı isə digər tədbirlər üzrə xərclər təşkil edəcək.

Müdafiə və milli təhlükəsizlik xərclərinə 2027-ci il büdcəsindən 8 milyard 816 milyon 400 min manat vəsait yönəldiləcək ki, bu 2026-cı illə müqayisədə 98 milyon 800 min manat (1.1 faiz), 2025-ci ilin icrası ilə müqayisədə isə 748 milyon 400 min manat (9.3 faiz) çoxdur. 2023-cü illə müqayisədə isə bu xərclərin büdcədəki xüsusi çəkisi 4.7 faiz bəndi, mütləq ifadədə 2 milyard 961.6 milyon manat və ya 1.5 dəfə artıb. Məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanları və prokurorluğun saxlanılmasına isə 3 milyard 438 milyon 600 min manat ayrılacaq ki, bu da 2026-cı illə müqayisədə 102.3 milyon manat (3.1 faiz), 2025-ci ilin icrası ilə müqayisədə 518.3 milyon manat (17.7 faiz) çoxdur. Sənəddə bu artımın şəxsi heyətin tam komplektləşdirilməsi, maddi-texniki təminatın yaxşılaşdırılması və işğaldan azad olunmuş ərazilərdə müvafiq xidmətlərin təşkili ilə bağlı olduğu qeyd edilir.

Hərbi qulluqçuların mənzil təminatı və kompensasiyalar

20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclər üçün 15 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olanlar da daxil olmaqla) ödənilən pul kompensasiyası üçün isə 14 milyon 700 min manat vəsait nəzərdə tutulub.

Siyasi sistemin maliyyələşdirilməsi ilə bağlı isə 2027-ci il büdcəsində Milli Məclisdə təmsil olunan deputatların partiyalarının, habelə seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6 milyon manat vəsait ayrılması planlaşdırılır.