Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ilin fevral ayında dövlət büdcəsinə ödənişləri üzrə açıqladığı məlumatda deyilir ki, adıçəkilən qurum tərəfindən qeyd olunan ayda 108 milyon 227 min manat vəsait ödənilib ki, cari ilin yanvar ayı ilə müqayisədə 10 milyon 275 min və yaxud da 8,6 faiz az olub.
Bu da neftin qiymətiylə əlaqədardır.
Ötən ay, yəni fevralda neftin dünya bazarlarında qiymətinin sabitləşməsi keçən ilin iyun ayından başlanan ucuzlaşma prosesinin nəhayət ki, tezliklə əksinə inkişaf edəcəyinə ümid yaratmışdı. Hətta biz də tələsərək şərh yazdıq ki, son həftələr ərzində müxtəlif markalı neft qiymətlərinin 50-60 ABŞ dolları arasında rəqs etməsi ucuzlaşmanın artıq arxada qaldığını deməyə əsas verir və ötən 8 ayın tendensiyası göstərdi ki, nə qədər “basqı yapıldısa” da qiyməti 40-dan aşağı salmaq mümkün olmadı. Başqa sözlə desək, qlobal iqtisadiyyatın bu günki tələbləri nöqteyi-nəzərdən xam neftin qiymətinin “dib nöqtəsi” əyani göründü.
Bu optimizm əslində, bütün neft bazarında yaranmışdı. Bu da səbəbsiz deyildi. O baxımdan ki, neftin son zamanda qiyməti şist hasilatından asılı olduğundan buna həm ABŞ-da müvafiq sahədə qazma qurğularının sayının əhəmiyyətli səviyyədə azalması, həm də dünyada ən çox neft ixrac edən ikinci ölkə sayılan Səudiyyə Ərəbistanının Asiya-Sakit okean regionu ölkələrinə göndərdiyi neftin qiymətini birdən-birə 1,4 dollar artırması haqda qərarı zəmin yaratmışdı.
Bundan əvvəl, adı çəkilən ölkə heç vaxt 1 dollaradək artıma getməmişdi: anoloji qərarlar həmişə yalnız bir neçə sent civarında qəbul olunurdu. Odur ki, sözügedən qərarın qəbulundan sonra Səudiyyə Ərəbistanı Krallığının neft naziri Əli Əl-Naimi də ölkəsinin neft bazarında tələb və təklifin tezliklə sabitləşməsində maraqlı olduğunu açıqladı. Sözümüz bunda deyil.
Ümumiyyətlə, əvvəl də aydın idi ki, neftin ucuzlaşmasında onun hətta ən böyük ixracçısı sayılan Səudiyyə Ərəbistanı da səbəbsiz yerə razı ola bilməzdi. Nazir Əli Əl-Naimi vurğulayıb ki, ölkəsi bazarda balansın yaranması üçün “əlindən gələni” etməyə hazır olsa da, bu təkcə Ər-Riyaddan asılı məsələ deyil. O mənada ki, bu sahədə bütün maraqlı tərəflər əməkdaşlıq və birgə hərəkət etməli, OPEK-ə üzv olmayan ölkələr də eyni addımlar atmalıdırlar.
“Dünya bilməlidir ki, Səudiyyə Ərəbistanı konsensus axtarır”- deyə, neft naziri qeyd etmişdir.
Məsələ bundadır ki, Səudiyyə Ərəbistanının istəyi odur ki, onun neftinə alternativ olan qeyri-rentabelli layihələr üzrə hasil edilən anoloji məhsul təklifi bazardan çıxsın. Bu isə ilk növbədə Birləşmiş Ştatlarda şist neft hasilatına aiddir.
Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı Krallığının yuxarıda qeyd olunan qərarı, o cümlədən ardınca neft nazirinin müsbət çıxışı da məhz ABŞ-da şist neft sənayesi sahəsində şirkətlərin xərcləri azaltması səbəbindən qazma qurğularının sayının 70 faizə qədər ixtisara düşməsi nəticəsində hasilatın son 6 il ərzində minimuma enməsi xəbəri yayıldıqdan dərhal sonra nəzərə çarpdı.
Bəs, qiymətlər niyə yenidən ucuzlaşır?
İş ondadır ki, neftin qiymətini sabitləşməyə qoymayan və bahalaşması qarşısını alan ən böyük bəla ABŞ dollarıdır. Belə ki, Amerika valyutası möhkəmlənməkdədir. ABŞ dolları ilə neftin qiyməti isə tərsmütənasibdir: dollar dəyərdən düşəndə neft bahalaşır, əksinə olduqda isə ucuzlaşır.
Yeri gəlmişkən, neftin ucuzlaşmağa başlaması da məhz ABŞ-da Federal Rezerv Sistemi (FES) tərəfindən kəmiyyət yumşaldılması siyasətinin tezliklə dayandırılacağı haqda açıqlamadan dərhal sonraya təsadüf etdi.
Hələ bu, bir yana qalsın, cari ilin iyun ayında FES-in uçot dərəcəsini qaldıracağı gözlənilir. Bu isə indidən dolların daha da möhkəmlənməsi üçün zəmin yaradır. Bundan əlavə, neft ehtiyatlarına bazar tələbatı kifayət qədər ləng artır. Bunun müqabilində isə hasilat genişlənir. Eyni zamanda, dünya iqtisadiyyatı üçün strateji əhəmiyyətli ölkələrdən olan Çindən qeyri-parlaq hesabatlar gəlir.
Bütün bunlar da OPEK-in iyun ayında keçiriləcək növbəti iclasında üzv ölkələr tərəfindən qiymətlərin hələ bir müddət də aşağı saxlanması haqda qərar qəbul olunacağı ilə nəticələnəcək.
Bəs, bu vəziyyət Körfəz ölkələri üçün problem yaratmırmı?
Təbii ki, neftin uzun müddət ucuz qalması istənilən halda onun hər bir hasilatçısı olan ölkə üçün büdcə kəsiri kimi problem yarada bilər. Ona görə də bu gün bir çox ölkələrdə maliyyə intizamının gücləndirilməsi və sərt vergi siyasətinə keçidlə bağlı tədbirlər müşahidə edilməkdədir.
Bununla belə, vəziyyət hələ panika həddində deyil. Belə ki, məsələn, bayaq adını çəkdiyimiz dünyada ikinci neft ixracçısı olan Səudiyyə Ərəbistanı neftin aşağı qiymətləri şəraitində bundan 8 il sonra da heç bir fövqəladə tədbirə əl atmaya bilər.
Ancaq təbii ki, aşağı qiymətlər hətta ən böyük neft hasilatçısı olan ölkələrdə belə iri investisiya layihələrindən imtina edilməsi və yaxud bunların təxirə salınması ilə nəticələnəcək və nəticələnir də.
Sual yaranır ki, bəs, qiymətlər bir də nə vaxt arta bilər?
Qərb ilə Rusiya arasında, o cümlədən Yaxın Şərq regionunda bir sıra siyasi münaqişələr nisbətən səngiməsə və bitməsə, dollar ucuzlaşmasa, dünya nəhənglərindən olan Çin iqtisadiyyatında geriləmə dayanmasa, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarında isə durğunluq aradan qalxmasa, o cümlədən şist hasilatına azı 10-15 illik müddətinə kəskin zərbə dəyməsə şübhəsiz ki, yaxın müddətdə bahalaşma olmayacaq.
Bununla belə, bir sıra iri investisiya layihələrinin təxirə salınması, eyni zamanda tələbatın uzun müddət sabit qala bilməyəcəyi amilləri vəziyyətin hər halda gec-tez dəyişəcəyini diqtə edir.
Pərviz Heydərov
www.oxu.az