Aprelin 8-də Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərliyi altında Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr olunmuş iclas keçirilib.
NİİM-dən Oxu.Az-a verilən məlumata görə, iclasda Bakı-2015 Avropa Oyunlarının Əməliyyat komitəsinin müdiri Panayotis Protopsaltis, NİİM-in baş direktoru Elnur Abdullayev, Nəqliyyat Nazirliyinin Nəqliyyat və infrastrukturun inkişafı şöbəsinin müdiri İsmayıl Kərimov, nazirliyin Nəqliyyat və infrastrukturun inkişafı şöbəsinin sektor müdiri Ramin Bayramov, Dövlət Yol Polisinin nümayəndəsi Talıb Qasımov, Bakı Metropoliteninin nümayəndəsi Etibar İsayev, “Azəryolservis” ASC-nın nümayəndəsi Hidayət Rüstəmov, “Baku Bus” şirkətinin nümayəndəsi, Avropa Oyunlarının Əməliyyat Komitəsinin Dövlət qurumları ilə əlaqə idarəsinin rəisi və digər şəxslər iştirak ediblər.
İclasda Bakı-2015 Avropa Oyunları çərçivəsində Avropa Oyunlarının İdarəedilməsi Strukturu, Əməliyyat Mərhələləri, Nəqliyyat Koordinasiya Mərkəzinin Gündəlik Fəaliyyəti, hazırlıq prosesinin son mərhələləri ilə bağlı məsələlər müzakirə olunub.
Nəqliyyat Nazirinin müavini Musa Pənahov ölkəmizdə keçiriləcək Bakı-2015 Avropa Oyunları haqqında danışıb.
Nəqliyyatın idarə edilməsi, məqsədlər və məsuliyyətlər, məlumatın toplanması və nəqliyyat axınlarının tənzimlənməsi, əhaliyə və qurumlara məlumatın vaxtlı-vaxtında çatdırılması və.s bu kimi vacib məqamlar iclasın əsas müzakirə mövzusu olub.
Tədbirdə həmçinin Bakı-2015 Avropa Oyunları zamanı NİİM-də yerləşən Nəqliyyat Koordinasiya Mərkəzinin Gündəlik Fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Belə ki, Oyunların Əməliyyat Mərkəzi nəqliyyat, təhlükəsizlik, idman, loqistika və digər qurumların nümayəndələrindən ibarət olmaqla, 24 saat fəaliyyət göstərəcək. Qərarların vaxtında və gücləndirilmiş qəbulu, yaranan məsələlərin bütün iştirakçılar tərəfindən anlaşılması, NİİM və DYP nümayəndələrinin işinin uzlaşdırılması məsələsi də tədbir zamanı geniş müzakirə edilib.
Qeyd edək ki, Avropa Oyunları zamanı Nəqliyyat məsələləri üzrə qərargah Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi seçilib. NİİM-də artıq oyunların keçirilməsi zamanı nəqliyyat məsələlərini tənzimləyəcək tədbirlər planı hazırlanıb.