2022-ci ildə Mərkəzi Bankın maliyyə sektoru üzrə siyasəti maliyyə sabitliyinin qorunması, maliyyə vasitəçiliyinin genişləndirilməsi yolu ilə biznesin dəstəklənməsi, maliyyə-kapital bazarlarının dərinləşdirilməsi kimi istiqamətlərə yönəldiləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bəyanatında məlumat verilib.
Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunun daha da yüksəlməsinə imkan yaradacaq. Rəqəmsallaşma və müasir ödəniş sistemi infrastrukturundan istifadə səviyyəsinin yüksəldilməsi istiqamətində də işlər davam etdiriləcək.
Maliyyə sabitliyinin təmin olunması istiqamətində 2022-ci il üzrə əsas siyasət və islahatlar istiqaməti ilk növbədə bank sektorunun prudensial tənzimlənmə və nəzarət çərçivəsinin beynəlxalq standartlara (Bazel II, Bazel III) uyğunlaşdırılması prosesinin davam etdirilməsi olacaq. Banklarda idarəetmənin gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən korporativ idarəetmə potensialının inkişaf etdirilməsi, risklərin idarə edilməsi sistemlərinin gücləndirilməsi, insan resurslarının inkişaf etdirilməsi təşviq ediləcək.
Biznes subyektləri üçün bank kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində işlər davam etdiriləcək. Ölkədə maliyyə inklüzivliyi və dərinliyinin artırılması məqsədilə təklif amillərinin təşviq olunması, o cümlədən kreditorların hüquqlarının müdafiəsi sisteminin effektivliyinin artırılması, uzunmüddətli maliyyələşmə mənbələrinin təmin edilməsi, risklərin ötürülməsi və bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir. Tələbin təşviq olunması ilə kreditlərə sağlam tələbin artırılması üçün ilk növbədə qeyri-formal iqtisadiyyatdan çıxış və şəffaflaşmanın sürətləndirilməsi, biznes subyektlərində korporativ idarəetmənin yaxşılaşdırılması, müstəqil mühasibatlıq və audit institutlarının inkişaf etdirilməsi kimi şərtlərin reallaşdırılması tələb olunur.
Agent bankçılığın inkişaf etdirilməsi də ölkədə maliyyə xidmətlərinə çıxışın artırılmasına və maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verəcək.
Alternativ maliyyələşmənin inkişafı üçün hüquqi və tənzimləmə çərçivəsinin formalaşdırılması işləri davam etdiriləcək.