Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin tədbirlər planına uyğun olaraq, növbəti əmək yarmarkası avqustun 14-də Oğuz rayonunda keçirilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, rayon məşğulluq mərkəzindən verilən məlumata görə, yarmarkaya rayonda fəaliyyət göstərən 30 müəssisə və təşkilatdan 180 boş iş yeri çıxarılıb.
“Çörəkbişirmə sexi, tikinti-mexanizasiya müəssisəsi, habelə rayonun tibb müəssisələri yarmarkaya daha çox boş iş yerləri təqdim ediblər. İş yerləri üçün təklif edilən əmək haqqı 105 manatdan 300 manatadək olub.
Üç yüz nəfərə yaxın işaxtaran vətəndaşın iştirak etdiyi yarmarkanın yekununda 95 nəfər işə göndəriş alıb. Bundan əlavə, 25 nəfər haqqı ödənilən ictimai işlərə, 12 nəfər isə peşə hazırlığı kursuna cəlb edilmək üçün qeydiyyata götürülüb”, - məlumatda deyilib.