Mərkəzi Bank “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə qərar verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yeni Qaydalar martın 16-dan qüvvəyə minib.
Yeni Qaydalar rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (banklar və xarici bankların yerli filialları istisna olmaqla) tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsi və Azərbaycan Respublikasından nağd şəkildə çıxarılması qaydalarını müəyyən edir.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 min ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər.
Bu hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.
Qeyd edək ki, əvvəllər rezidentlər Azərbaycana nağd şəkildə gətirilmiş 50 min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə Mərkəzi Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərdilər.
Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50 min ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş “Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında” bank arayışı (əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərdilər.