“Gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində bu cür tədbirlərin təşkili olduqca vacibdir”.
Oxu.Az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Gənc Sahibkarların II Forumunda deyib.
O bildirib ki, gənclərin biznes təşəbbüslərinin, həmçinin onların bu istiqamətdə fikirlərinin öyrənilməsi sahibkarlığın təşviqi istiqamətində əhəmiyyətli olacaq:
“Hazırda biz dinamik bir dövrdə yaşayırıq. Mövcud dəyişikliklər fonunda yaranan reallıqlar məsələlərə çevik reaksiyada gənclərin iştirakı təmin edilməlidir. Bu cür tədbirlərin və müzakirələrin keçirilməsi müvafiq istiqamətdə çox vacib rol oynayır”.
KOBİA sədri əlavə edib ki, gənclərin biznes təşəbbüslərinin öyrənilməsi ölkədə sahibkarlığın inkişafında da olduqca əhəmiyyətlidir:
“Gənclərin inkişafı sahəsində əldə edilən uğurlar dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən vacib amillərdəndir. Gənclərin ruh yüksəkliyi və fəallığı ölkədə fərqli təşəbbüslərin və proseslərə daha çevik yanaşılması ilə diqqəti cəlb edir”.
O qeyd edib ki, Forum biznes sahəsində mövcud vəziyyətin analiz edilməsi və müvafiq müzakirələrin təşkili ilə gənclərin sahibkarlığa təşviqinə böyük töhfə verəcək.
Nigar Məmmədova