“İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli KOB-lar və potensial xarici tərəfdaşlar arasında əməkdaşlıq coğrafiyasının genişləndirilməsi istiqamətində iş aparır”.
“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Udmurtiya bölgəsinin ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə bildirib.
“Biz Azərbaycana xarici biznesin cəlb edilməsində maraqlıyıq və lazımi yardımı göstərməyə hazırıq. Bu formatda tədbirlərin keçirilməsi Azərbaycanla Udmurtiya arasında birgə əməkdaşlıq üçün perspektivli sahələri daha tez müəyyən etməyə imkan verir. Bugünkü görüşdə bir sıra dövlət və özəl strukturların nümayəndələri iştirak edir ki, bu da tərəflər arasında səmərəli dialoqa şərait yaradır. KOBİA Rusiyanın müvafiq strukturları ilə dövlət qurumları səviyyəsində, eləcə də bilavasitə biznes icmaları ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Biz koronavirus (COVID-19) pandemiyasından əvvəl regional əməkdaşlığın inkişafı üzrə təşəbbüslərin artım dinamikasını müşahidə etmişik. Təəssüf ki, pandemiyanın zirvəsində birbaşa əlaqə saxlamaq imkanımız məhdud idi. Məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq bu istiqamətdə aktivliyin geri dönməsi ümidvericidir. Əməkdaşlıq coğrafiyasının genişləndirilməsi baxımından təcrübə mübadiləsi, biznesə birgə dəstək mexanizmlərinin tətbiqi məqsədilə Udmurtiyanın müvafiq strukturları ilə əlaqələrin qurulmasında maraqlı olduğumuzu qeyd etmək istərdim”, - o əlavə edib.
Orxan Məmmədov qeyd edib ki, KOB İnkişafı Mərkəzlərimiz iş adamlarının xidmətindədir, onlar sahibkarlara məsləhətlər verir, təlimlər və inkubasiya proqramları həyata keçirir:
“Biz həmçinin uğurlu biznes üçün yerli bazar araşdırması edən sahibkarlara maliyyə dəstəyi göstəririk. KOB-un inkişafı sahəsində elmi, təhsil və tədqiqat layihələrinin həyata keçirilməsi üçün qrantların verilməsini də qeyd etmək istərdim. Agentlik həmçinin yerli biznes tərəfdaşını müəyyən etməkdə sahibkarlara köməklik göstərə bilər”, - O.Məmmədov əlavə edib.