Ümumiyyətlə, bu fikir çoxdan mövcuddur. Biz bu məsələni dəfələrlə Milli Məclisdə qaldırmışıq. İnsanların seçim imkanları olsun. Bazar iqtisadiyyatı şəraitində bu, çox vacibdir, çünki insanlar baxmalıdır ki, hara ona daha yüksək pensiya almaq imkanı verirsə ora müraciət etsinlər.
Oxu.Az-a bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov özəl pensiya fondlarının yaradılmasının əhəmiyyətindən danışarkən bildirdi.
Deputatın sözlərinə görə, qanun layihəsi olduqdan sonra belə fondların yaradılması mümkün olacaq:
“Son vaxtlar eşitdim ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanun layihəsi hazırlanıb, hələlik bizə gəlib çatmayıb, qanun layihəsi olduqdan sonra belə fondların yaradılması mümkündür və bu, çox vacibdir” - deyə, deputat bildirir.
Oxu.Az məsələ ətrafında müstəqil ekspertlərin də fikirlərini öyrənməyə çalışdı. Doğurdanmı Azərbaycan vətəndaşlarına deputatın da bildirdiyi kimi bu cür fondlar vacibdir?
İqtisadçı-ekspert Rəşad Həsənov Oxu.Az-a bildirdi ki, bu cür fondların yaradılması əslində Azərbaycan hökuməti üçün müsbət bir addımdır, vətəndaşa seçim imkanı verir, amma....
“Azərbaycan hökuməti əgər belə fondlar yaradacaqsa əvvəlcədən xarici təcrübəni öyrənməlidir, hansı ki, 2008-ci ilin maliyyə böhranından sonra həmin fondların taleyi ilə bağlı araşdırma aparmaq lazımdır. Bir çox hallarda bu cür fondlar daha çox gəlir gətirsin deyə, fond vəsaitlərini daha riskli səhmlərdə yerləşdirirlər. Bu da əlbəttə ki, maliyyə böhranı olduğu təqdirdə bu vəsaitlərin itkisi deməkdir”.
İqtisadçının sözlərinə görə, fond vəsaitlərinin idarə edilməsi ilə bağlı qanunvericilik də yaradılmalıdır:
“Fond vəsaitlərinin idarə edilməsi ilə bağlı xüsusi qanunvericilik yaradılmalıdır. Limitlər müəyyən olmalıdır ki, vəsaitlər hansı formada idarə edilsin” - deyə, Rəşad Həsənov bildirir.
İqtisadçı-ekspert Ruslan Atakişiyevin sözlərinə görə isə bu cür fondlarda toplanan vəsaitlər təkcə yaşlılığa görə toplanan vəsaitlər olmur, burda ana olmağa görə dekretə çıxmaq, istehsalatda baş verən xəsarətlər zamanı belə həmin fondun vəsaitlərindən faydalanmaq olar:
“Pensiya yaşına çatdıqdan sonra müqavilə imzalanır. Həmin müqavilədə bir çox məsələlər yer alır. Əgər o vəsaitlərinin idarə edilməsi üçün varisi varsa, o vəsaitlərin idarə edilməsini varis həyata keçirə bilər”.
Qeyd edək ki, özəl pensiya fondları vətəndaşların əmək qabiliyyətliyi dövründə qazandığı vəsaitləri aylıq ödəniş şəklində həmin fondlarda yerləşdirir. Əmək qabiliyyətini itirdikdən sonra həmin vəsaitlərdən istifadə edə bilir. Yəni bir növ gələcək maliyyə təminatçısı rolunu oynayır. Gələcəkdə isə vətəndaşlar dövlətdən, o cümlədən də üzv olduğu pensiya fondundan məvacib ala bilirlər.