Cari ilin 6 ayı ərzində 370-ə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər özəlləşdirilib. Ötən dövr ərzində 260-a yaxın qeyri-yaşayış sahəsi və 200-dən çox torpaq sahəsi icarəyə verilib. 2014-cü ilin ilk yarımilində 270-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən məlumat verilib.
Məlumata görə, səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 25 pul hərracında 17 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. 4 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib. İnvestisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə bu il 1 mln. manata yaxın investisiya qoyulub.
“6 ay ərzində 97700-ə yaxın daşınmaz əmlak qeydiyyata alınıb. 2014-cü ilin ötən dövründə 97700-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb (27500-dən çox ilkin qeydiyyat, 70200-ə yaxın təkrar qeydiyyat)”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az