Paytaxtda taksi dayanacaqlarının sayı artırılacaq.
Oxu.Az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin Tekniki şöbəsinin rəis müavini Azər Heydərov deyib.
Qurum rəsmisi bu istiqamətdə işlərin aparıldığını və aidiyyatı qurumlarla danışıqlara getdiklərini bildirir.
Bundan başqa, rəis müavini bildirir ki, ümumilikdə paytaxta 79 taksi dayanacağı var və onlar pasportlaşıb:
“23 taksi dayanacağı isə pasportlaşmaya gedib. Taksilik fəaliyyəti ilə məşğul olan hər bir sürücü bu dayanacaqdan istifadə edə bilər. Bilirsiz ki, Bakıda yenidənqurma işləri aparılır. İnfrastrukturda dəyişiklik olur. Buna görə də biz elə yerlər seçməliyik ki, bu, nəqliyyatın hərəkətinə maneə, ictimai asayişin pozulması ilə nəticələnməsin. Təbii ki, Bakı kimi bir şəhər üçün 79 taksi dayanacaqlarının sayı azdır. Hardasa 500 taksi dayanacağının salınması kifayətdir ki, taksilik fəaliyyəti ilə məşğul olanlar gəlib burada dayana biləcəklər. Qısa zamanda bu problem həll olunacaq. Amma elə həll etməliyik ki, problem üstünə problem gəlməsin”.
Qanunsuz yerlərdə taksi saxlayanlardan danışan Azər Heydərov bildirib ki, bununla bağlı onlarda cəza səlahiyyəti yoxdur:
“Biz maarifləndirmə tədbirləri aparırıq. Əgər ərazidə dayanmaq üçün qadağa nişanı varsa və sürücü orda saxlayırsa buna müdaxiləni Dövlət Yol Polisi əməkdaşları etməlidir”.
E.Ə.
www.oxu.az