Bakı şəhərinin əsas magistrallarında təqribən 130 minə yaxın avtomobil hərəkət edir. Bu, əslində çox böyük rəqəmdir və şəhər yollarında nəqliyyatın yüksək hərəkət intensivliyindən xəbər verir.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, 2-ci Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur–urbanizasiya problemlərinin həlli yolları” mövzusunda konfransda bu barədə danışan Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis”ASC-nin şöbə müdiri Hidayət Rüstəmov problemin həlli istiqamətində görülən işləri və yenilikləri də diqqətə çatdırıb.
Qeyd olunub ki, son 10 ildə paytaxtda 707 kilometr yol əsaslı təmir olunub, 71 kilometr uzunluğunda yeni yollar salınıb, 61 körpü, yol ötürücüsü və tunellərdən ibarət yol qovşaqları istifadəyə verilib. Piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə 56 yeraltı və yerüstü piyada keçidi inşa olunub, 10 keçid isə təmir edilib.
Hidayət Rüstəmov, həmçinin bildirib ki, 2003-2013-cü illərdə birinci texniki dərəcəli dördzolaqlı yolların ümumi uzunluğu 115 kilometrdən 395 kilometrə, asfalt-beton örtüklü yolların uzunluğu isə 1824 kilometr artırılaraq 8 min 636 kilometrə çatdırılıb.