“Pensiya+” xidməti çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus pensiya kartlarının sahibləri üçün avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu DSMF sədri Elman Mehdiyev deyib.
O bildirib ki, bu məbləğ pensiyaçının müraciəti əsasında artırıla bilər. Kedit limiti yalnız nağdsız alış-veriş zamanı istifadə oluna bilər və bu xidmətə görə pensiyaçılardan hər hansı xidmət haqqı tutulmayacaq:
“Xidmət pulsuzdur və bu xidmətə qoşulan pensiyaçıdan heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur. Kredit limiti yalnız bir sıra ticarət müəssisələrində nağdsız alış-veriş zamanı istifadə oluna bilər və pensiyaçı öz pensiya vəsaitini tam xərclədikdən sonra kreditdən yararlana biləcək.
Pensiyaçı istəsə belə verilən krediti nağd əldə edə bilməyəcək, yalnız və yalnız nağdsız alış-veriş üçün həmin məbləği istifadə edə biləcək. Bu isə avtomatik olaraq həmin şəxslərdə nağdsız alış-veriş vərdişinin yaranmasına şərait yaradacaq və belə demək mümkünsə pensiyaçılarımız tədricən öz plastik kartlarından təyinatı üzrə yararlanmağa başlayacaqlar”.