“Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən potensial təhlükələr nəzərə alınır”.
Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.
Qurumun rəsmisi 4 iyul tarixində Xəzər dənizində baş vermiş partlayış nəzərə alınmaqla növbəti dövrdə yarana biləcək bu kimi hadisələrin şirkətin və onun əməkdaşlarının fəaliyyətinə təsiri ilə əlaqədar bildirib ki, ümumilikdə palçıq vulkanları neft-qaz yataqları ilə bağlıdır:
“Şirkət tərəfindən mövcud olan vulkanlar nəzərə alınır. Hazırda bizə hansı ərazilərdə palçıq vulkanlarının mövcud olduğu məlumdur”.
İbrahim Əhmədov qeyd edib ki, bu ərazilərə yaxın zonalarda məskunlaşdırma həyata keçirilmir:
“Eləcə də, şirkət tərəfindən bu ərazilərin yaxınlığında sənaye təyinatlı obyektlər də tikilmir. Bütün bunlar bir qayda olaraq Dövlət Neft Şirkəti tərəfindən (SOCAR) nəzərə alınır”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında Xəzər dənizi istiqamətində baş vermiş hadisə zamanı SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib.
Nigar Məmmədova