Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il iyulun 1-nə 1 milyard 539,8 milyon manat təşkil edib. Bu, nominal həcmin yeni tarixi rekorda çatması deməkdir. Sonuncu rekord isə iyunun 1-də qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Report-un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 25,6 milyon manat və ya 1,69%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 31,3 milyon manat və ya 2,07% artıb.
Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 8,35% təşkil edib və aylıq müqayisədə 0,03% bəndi, yarımillik müqayisədə isə 1,41% bəndi artıb.
Manatla verilən vaxtı keçmiş kreditlər iyulun 1-nə 779 milyon manat təşkil edib ki, bu da iyunun 1-nə nisbətən 1,3 milyon manat və ya 0,17% çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 61,2 milyon manat və ya 7,28% azalıb.
Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,1% bəndi artıb, ilin əvvəlindən 0,49% bəndi artaraq 8,13%-ə çatıb. Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi iyulun 1-nə 760,8 milyon manat təşkil edib. Bu, iyunun 1-nə nisbətən 24,3 milyon manat və ya 3,29%, cari ilin əvvəli ilə müqayisədə isə 92,5 milyon manat və ya 13,84% çoxdur.
Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi iyulun 1-nə 8,58%, keçən ayın əvvəlində 8,64%, ilin əvvəlində isə 6,2% olub. İlin əvvəli ilə müqayisədə bu göstərici 74,7 milyon manat və ya 20,55% artım göstərib.