Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, “Aran QPS qaz kəməri qolu”nda aparılacaq təmir işləri ilə əlaqədar saat 14.00-dək Yevlax rayonunun, qazpaylayıcı stansiyada təmir işlərinin aparılması ilə əlaqədar saat 17.00-dək İsmayıllı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilə yaranacaq.
Qaz ölçü qovşaqlarında yenidən qurulma işlərinin aparılması, “Əskipara 1” ölçü qovşağından qidalanan diametri 530 mm-lik; 219 mm-lik; və 159 mm-lik qaz xətlərində və Əskipara Sənaye ölçü qovşağından qidalanan kollektorda təmir işlərinin aparılması ilə əlaqədar saat 18.00-dək Şəmkir, Qazax, Səbail, Sabunçu və Şamaxı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Balakən rayonu Balakənçayı ərazisindən keçən diametri 110 mm-lik polietilen qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi, Buzovna qəsəbəsi, Quşçuluq massivi adlanan ərazidə qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar işlər başa çatanadək Xəzər və Balakən rayonlarının da bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.