Səudiyyə Ərəbistanının xəbər saytı “Əl Ərəbiyə” ərəb dünyasında baş verən diplomatik böhranın iqtisadiyyata təsiri ilə bağlı məqalə hazırlayıb.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, məqalədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və Yəmənin diplomatik əlaqələri kəsməsi nəticəsində Qətər iqtisadiyyatının alt-üst olacağı qeyd edilib.
Bildirilib ki, böhrandan sonra Qətər birjası bir saat ərzində 7,6 faiz geriləyib.
Dörd ölkə Qətər ilə dəniz və quru əlaqələrini bağlamaqla yanaşı, ticarət əlaqələrini də təxirə salıb. Hansı ki, bu vəziyyət yaxın perspektivdə Qətərin ixracına mənfi təsir göstərəcək. Xüsusilə, bölgədəki bir çox hava yolu şirkətinin Dohaya uçuşları dayandırmasının Qətər iqtisadiyyatında sarsıntı yaradacağı proqnozlaşdırılır.
O da vurğulanır ki, Səudiyyə Ərəbistanı və BƏƏ Qətərə ən çox ərzaq məhsulu ixrac edən ölkələrdir. 2015-də bu iki ölkədən Qətərə ərzaq ixracı 310 milyon dollar təşkil edib. Ticarət əlaqələrinin dayandırılması ərzaq məhsullarında ciddi azalmaya yol aça bilər.
Digər tərəfdən 2022-ci ildə Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşan Qətərə Səudiyyə Ərəbistanından avadanlıq ixracının dayanması tikinti sahəsindəki layihələrin taleyini sual altında qoyub.
L.Ə.