Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qlobal iqtisadi müharibə: Qiymətlər yüksələ bilər?
ABŞ ilə Çin arasında iqtisadi savaş yavaş-yavaş start götürür. Tramp Çindən gələn mallara idxal rüsumlarını 10%-dən 20%-ə qədər artırıb. Çin isə milli təhlükəsizliyini qorumaq məqsədi ilə 15 ABŞ şirkətini ikili məqsədli ixraca nəzarət siyahısına əlavə edib. Kanada da ABŞ ilə qarşılıqlı şəkildə rüsumları artırıblar.
İqtisadçı ekspert Rəşad Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, baş verənlər iqtisadi müharibə kimi dəyərləndiriləcək addımlardır:
"Çünki dünyanın ən güclü iqtisadiyyatları artıq konkret sərhədlər müəyyən edir, məhdudiyyətlər tətbiq etməyə cəhd göstərir və bu, ilk növbədə liberal iqtisadi modeldən imtina və mərhələli şəkildə konservativ iqtisadi modellərə keçidə gətirib çıxara bilər. Bu isə iqtisadiyyatın ana prinsipi olan mövcud resursların daha səmərəli istifadə edilməsi prinsipinin pozulması ilə nəticələnəcək. Çünki ölkələr belə bir şərtlər daxilində çalışacaqlar ki, öz iqtisadi müstəqilliklərini mümkün qədər öz resursları hesabına təmin etsinlər".
"Bu da ona gətirib çıxaracaq ki, müqayisəli üstünlüklərdən istifadə etmək imkanları məhdudlaşacaq, ölkələr əksər mal və xidmətləri özləri istifadə edəcək və nəticə etibarilə qeyri-müqayisəli üstünlük olan hallarda daha çox resursun sərfinə, qeyri-səmərəli istehsala gətirib çıxaracaq. Qeyri-səmərəli istehsal prosesi eyni zamanda onunla nəticələnəcək ki, qiymətlər sərt şəkildə bahalaşacaq. Qiymətlərin bahalaşması qeyri-səmərəli istehsal mühitinə səbəb olacaq. Ölkələr arasında tətbiq edilən rüsumlar daxili bazarlarda həmin məhsulların daha baha qiymətə təklif edilməsinə gətirib çıxaracaq. Yəni bütövlükdə baş verən proses iqtisadi faktorların qlobal iqtisadi aktorlar arasında sərbəst axınını məhudlaşdıracaq və dolayısı ilə qısamüddətli dövrdə qiymət artımı meyilləri güclənəcək, inflyasiya təzyiqləri artacaq və bu, iqtisadi resessiyanın lokomotivi olaraq sonrakı mərhələdə işsizlik və yoxsulluq kimi ciddi və həlli bir sıra hallarda uzun illər ala biləcək problemlərin meydana gəlməsinə səbəb olacaq", - deyə ekspert vurğulayıb.
İqtisadçı bu problemlərin Azərbaycan üçün də keçərli olduğunu deyib:
"Çünki Azərbaycan da qlobal iqtisadiyyatın bir oyunçusudur. Bugünkü şərtlər daxilində ABŞ administrasiyası qəbul etdiyi qərarların inflyasiya təzyiqlərinin ən azından bir qismini neytrallaşdırmaq üçün mümkün qədər daha ucuz enerji siyasəti həyata keçirməyə cəhd göstərəcək ki, bu da qlobal bazarlarda neftin ucuzlaşması və dolayısı ilə ölkə iqtisadiyyatının drayveri, istehlakın əsas tətikləyici tərəfi olan karbohidrogen mənbəli gəlirlərin azalmasına gətirib çıxaracaq. Amma təbii ki, zamanında addımlar atmaqla, Azərbaycan iqtisadiyyatının mövcud potensialının üzə çıxarılması, şaxələnməsi və xüsusilə tarazlı böyümə istiqamətində müəyyən fürsətlər ola bilər".
Mərahim Nəsib