Qurban bayramı azərbaycanlı ailəyə orta hesabla 180 manata başa gələcək.
Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bayram ilə əlaqədar Bakı və ümumilikdə regionlarda qiymətlərin 8%-ə yaxın bahalaşacağı proqnozlaşdırılır.
E.Hüseynov bildirib ki, qurbanlıq heyvanların kəsilməsində pərakəndəlik və şəriət qaydalarının pozulması çox təəssüf ki, hələ də qalır:
“Bu da yaxşı hal deyil. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Nəzarəti Xidməti qurbanlıq heyvanların kəsimini də nəzarətdə saxlaya bilərdi. Yəni, qurbanlıq heyvanların kəsimləri mərkəzləşdirilmiş qaydada olardı. Bu halda, pərakəndəliyin və şəriət qaydalarının pozulması halları da aradan qalxa bilərdi. Çox təəssüf ki, onlar bu fürsəti də əldən verdilər”.
“Bazarda bolluq (xaricdən heyvanların gətirilməsi) və yerli fermerlərin daxili bazara çıxışı təmin edilsəydi bu halda, qiymətlərin aşağı düşməsini də müşahidə etmək olardı” - deyə, birliyin sədri əlavə edib.
Onu da əlavə edək ki, nazirlikdən isə Oxu.Az-a bildirilmişdi ki, Bakıda 10 ədəd heyvan kəsim məntəqələri fəaliyyət göstərir. Süni qiymət artımının qarşısını almaq məqsədilə isə satış yarmarkaları bərpa olunub.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar olaraq, sentyabrın 24, 25, 26, 27-si Azərbaycanda qeyri-iş günü olacaq.
Ülviyyə R. Əli
www.oxu.az