Rayonlara dövlət büdcəsindən, yəni mərkəzləşdirilmiş büdcədən ayrılan vəsaitlərin həcmi azalıb. Büdcədən vəsait alan regionlardan yalnız biri - Yardımlı rayonu Yuxarı Qarabağ və Şərqi Zəngəzurdan kənardadır. Digərləri işğaldan azad olunmuş ərazilərimizdə yerləşən rayonlardır.
2024-cü ildə Azərbaycanın şəhər və rayonlarından 58-i xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcək. Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrində əksini tapıb. Bu il qalan yeddi rayona yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 9,3 milyon manat maliyyə yardımı ayrılacaq ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 3 milyon manat və ya 24 faiz az, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 22,8 milyon manat və ya 70,9 faiz azdır. Dotasiyaların azaldılması təcrübəsi illərdir davam edir. Bəs bu prosesin nəticəsi nə olacaq?
Mövzu ilə bağlı “Kaspi” qəzetinin araşdırmasını təqdim edirik.
Dotasiya alanlar işğaldan azad olunmuş rayonlardır
Millət vəkili Vüqar Bayramov deyib ki, son illər dövlət büdcəsindən dotasiya alan rayonların sayı azalır: “2024-cü ildə də əvvəlki illə müqayisədə daha bir rayon dövlət büdcəsindən dotasiya almayacaq. 2022-ci ildə yardım alan rayonların sayı 2023-cü ilə nisbətən çox idi. Dotasiya alan rayonların azalmasının əsas səbəbi onların “özünü maliyyələşdirmə prinsipinə” keçidini təmin etməkdir. Məqsəd ondan ibarətdir ki, rayonlarda yerli mənbələrdən istifadə etməklə öz xərclərini qarşılama prinsipi həyata keçirilsin. Bu kontekstdə rayonlara dövlət büdcəsindən, yəni mərkəzləşdirilmiş büdcədən ayrılan vəsaitlərin həcmi azalır. Büdcədən vəsait alan regionlardan yalnız biri - Yardımlı rayonu Yuxarı Qarabağ və Şərqi Zəngəzurdan kənardadır. Digərləri işğaldan azad olunmuş ərazilərimizdə yerləşən rayonlardır”.
Qərar rayonların inkişafına müsbət təsir göstərəcək
V.Bayramov bildirdi ki, bu qərar rayonların inkişafına müsbət təsir göstərəcək: “Mərkəzləşdirilmiş dəstəyin azaldılması kontekstində həm də yerli mənbələrdən daha çox vəsaitin cəlb edilməsi üçün imkanların genişləndirilməsinə ehtiyac var. Bu, xüsusən rayonlarda investisiya mühitinin daha da yaxşılaşdırılması, sərmayə cəlbinin genişləndirilməsi və rayonlara daha çox investisiyanın yönəldilməsi hesabına yeni iş yerlərinin yaradılması, formalaşan əlavə dəyərin həcminin artırılmasına nail olmaq üçündür. Nəzərə alsaq ki, həm yerli, həm xarici investisiyalar rayonların inkişafı baxımından vacibdir. Ona görə investisiyanın cəlb edilməsi rayonlar üçün daha çox vəsaitin əldə edilməsi imkanları yarada bilər”.
Deputat düşünür ki, yerli maliyyə mənbələri ilə bağlı sistemli araşdırma aparılmalı, ona uyğun mərkəzləşdirilmiş vəsaitə olan ehtiyac müəyyənləşdirilməlidir. Çünki sosial-iqtisadi məsələlərin əhəmiyyətli hissəsi mərkəzləşdirilmiş sosial proqramlar və layihələr vasitəsilə həyata keçirilir və ödənilir. Amma yerli mənbələrin də rolunun artırılması vacibdir.
Rayonlar maliyyə asıllılığından azad olmağı öyrənməlidirlər
Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi kafedrasının müdiri, iqtisadçı ekspert Altay İsmayılovun sözlərinə görə, burada əsas səbəb özünü maliyyələşdirmə imkanlarının ortaya çıxarılmasıdır: “Makro mənada prinsipial yanaşma regionların iqtisadi asılılığının və dövlət büdcəsinin maliyyə yükünün azaldılması istiqamətindədir. Yəni dövlət təşviq və tələb edir ki, artıq regionlar xərclərini gəlirləri hesabına ödəsinlər. İstənilən halda regionlar iqtisadi və maliyyə asıllılığından azad olmalı və öz ayaqları üzərində durmağı öyrənməlidir. Bu yolla regionların sahib olduğu iqtisadi potensialdan istifadə təşviq olunaraq, resurslardan düzgün və səmərəli istifadə ön plana çıxır. Bu yanaşma regionlarda təşəbbüskarlıq ruhunun canlandırılmasına da səbəb olacaq. Çünki istənilən halda xərclərin ödənilməsi üçün gəlirlərin artırılmasına ehtiyac var. Bunun üçün isə yeni gəlir əldə etmək imkanlarının təşviq edilməsi, təşəbbüskarlıq ruhunun canlandırılması vacib amil halına gəlir”.
Yerli icra orqanlarının üzərinə düşən məsuliyyət artacaq
A.İsmayılov qeyd etdi ki, bundan sonra yerli icra orqanlarının üzərinə düşən məsuliyyət artacaq: “Başqa bir məsələ, yerli icra orqanlarının effektiv fəaliyyətinin artırılmasıdır. Əgər yerli icra orqanları burada ciddi məsuliyyət hiss etməsələr, uzun müddət mərkəzdən asılılıq davam edəcək. Bu baxımdan, yerli icra orqanlarının gəlirlərin artırılması istiqamətində məqsədyönlü fəaliyyət planı olmalıdır. Regiona daxili və xarici investisiyanı cəlb etmək, investisiya mühitini yaxşılaşdırmaq onların qarşısında duran məsələlərdən bəziləridir. İnkişaf üçün təşəbbüskarlığın təşviq edilməsi və qurulmuş bizneslərin qorunması labüddür. Yəni icra orqanları bilməlidirlər ki, regionda mövcud olan bizneslər onların bu istiqamətindəki fəaliyyətlərində vacib amildir. Ona görə də biznes üçün şərait yaratmaq, onların işlərini asanlaşdırmaq böyük əhəmiyyət daşıyır”.
İlk dövrdə müəyyən çətinliklər ola bilər
Ekspertin fikrincə, bu yanaşmanın regionlara təsirini görmək üçün zaman lazımdır: “Qısamüddətli dövrdə bu tələb bəzi rayonlar üçün müəyyən çətinliklər yarada bilər. Çünki indiyə qədər olan asılılıq və vərdişlər var ki, bundan sonra müəyyən maliyyə resurslarından məhrum olmaq bəzi strukturların fəaliyyətlərində gərginlik yarada bilər. Ancaq istənilən halda, orta və uzunmüddətli dövr üçün bu yanaşmanın müsbət təsiri olacaq. Müəyyən bir dövr ərzində icra orqanları bir-birinin müsbət təcrübələrindən faydalanacaq və aralarında müsbət rəqabət formalaşacaq”.
A.İsmayılov bildirdi ki, dotasiya alan və almayan rayonların potensialları hər il nəzərə alınmalıdır: “Çünki dotasiya alan rayonların potensialları eyni deyil. Bu ilin və sonrakı illərin reallaşan büdcə rəqəmləri üzərində yenidən analizlər, hesablamalar aparılmalı, potensiallar diqqətə alınmalıdır”.