Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı
Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi meymunçiçəyi virusunun "Ib" alttipinin yeni ştamının klaster partlayışını aşkar edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə mərkəzin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Bildirilib ki, infeksiyanın mənbəyi əcnəbi vətəndaşdır. Onun bir müddət əvvəl Konqo Demokratik Respublikasına səyahət etdiyi və orada yaşadığı öyrənilib.
Klaster partlayışı - qısa müddət ərzində müəyyən coğrafi ərazidə və ya müəyyən insan qrupu arasında bir neçə xəstəlik (infeksiya) halının qeydə alındığı vəziyyətdir. Bu, xəstəliyin insandan insana keçdiyini və ya ümumi infeksiya mənbəyi (məsələn, çirklənmiş qida, su və ya digər amil) ilə əlaqəli olduğunu göstərə bilər.
Klaster partlayışları çox vaxt epidemioloji araşdırmaların aparılması, risklərin qiymətləndirilməsi və infeksiyanın daha da yayılmasının qarşısının alınması üçün səhiyyə orqanları tərəfindən xüsusi diqqət tələb edir.
Bununla əlaqədar olaraq Çin hökuməti Çjetszyan, Quandun əyalətləri, Pekin, Tyantszin şəhərləri də daxil olmaqla bir çox ərazilərdə epidemioloji araşdırma, risklərin qiymətləndirilməsi, xəstələrin diaqnostikası, həmçinin müalicəsi üçün birgə profilaktika və nəzarət mexanizmini təcili şəkildə aktivləşdirib.
Yoluxmuş şəxslə sıx təmasda olan insanlar arasında dörd əlaqəli hal aşkar edilib. Onlarda səpgi və herpes kimi nisbətən yüngül gedişatlı simptomlar müşahidə olunur.
"Meymunçiçəyi virusu" teqi üzrə xəbərlər
- Fransada meymunçiçəyi xəstəliyinin yeni ştamının ilk halı aşkar edilib
- Meymunçiçəyindən ölənlərin sayı açıqlandı
- Ölkədə qızılcaya yoluxma halı ilə bağlı vəziyyət necədir?
- Meymunçiçəyi daha təhlükəli oldu: Hava-damcı yolu ilə də yayıla bilər
- ÜST-nin meymunçiçəyinin kəskin yayıldığı Afrikadakı regional direktoru qəfil öldü
Rəylər