ABŞ federal prokurorları Montana ştatındakı hökumət laboratoriyasının iki aliminə qarşı ittiham irəli sürüb. Onlar təhlükəli virusları sərhəddən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhddə və gömrük əməkdaşlarına yalan məlumat təqdim etməkdə şübhəli bilinirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat verib.
Təqsirləndirilən şəxslər Niderland vətəndaşı Vinsent Münster və onun Kamerundan olan həmkarı Klod Kve olub. Mütəxəssislər ciddi hökumət standartlarına riayət etməklə təhlükəli patogenlərlə işləyirlər. Yanvar ayında tədqiqatçılar əllərində daşıdıqları böyük qara çanta ilə Konqo Respublikasının paytaxtından Detroyt hava limanına gəliblər.
Gömrük əməkdaşları iddia ediblər ki, alimlər onlara yalan danışıblar və çantanın içindəkinin diaqnostik avadanlıq olduğunu deyiblər. Yoxlama zamanı təhlükəsizlik qüvvələri 113 flakon aşkar ediblər. Test edilmiş 20 nümunədən 17-də 2022-ci ildə 42 ABŞ-linin ölümünə səbəb olan meymunçiçəyi virusu (mpox) tapılıb.
Prokurorluq vurğulayıb ki, ekspertlər biomaterialları xəstəliyin yayılma zonasından (epidemiya zonasından) kommersiya təyyarəsi ilə daşıyıblar. Onları beş ilə qədər həbs cəzası gözləyir. Milli səhiyyə institutları artıq inzibati tədbirlərin görüldüyünü, istintaqla tam şəkildə əməkdaşlıq etdiklərini bildirib, ictimaiyyət üçün təhlükənin olmadığını qeyd ediblər.