Kubra Məhərrəmova yazır...
Mayın 28-i İrəvanda hərbi parad keçirildi. Çal-oynasın, vur-çatlasın.
Buna nə ad verirsiniz verin. Seçkiqabağı bayram, daxili siyasət, xarici siyasət. Əsas odur ki, oyunçular bəllidir.
Baş rolda Ermənistanın rəhbərliyi. Rejissor isə İran.
Necə? Bu dəfə İran Ermənistana ən son hərbi nailiyyətlərini hədiyyə edib.
AD-08 "Majid" yaxınmənzilli hava hücumundan müdafiə sistemi İrəvanda hərbi paradda ictimaiyyətə təqdim edilib. Düzdür bu dəfə "Məcidin" adını dəyişib "Scorpion" qoyublar. Amma ekspertlər avtomobil platformasında qurulan bu mobil kompleksin İran istehsalı "Majid" sistemi ilə konstruktiv və funksional oxşarlığını müəyyən ediblər. Yəni ki, eyni şeydir.
"Majid"in maraqlı texniki xüsusiyyətləri var. O aşağı hündürlükdə uçan hədəflərə, pilotsuz aparatlara, helikopterlərə, qanadlı raketlərə və aşağıdan uçan təyyarələrə qarşı nəzərdə tutulub. Açıq mənbələrə görə, o, hədəfləri təxminən 15 kilometr məsafədə aşkar edir, səkkiz kilometrə qədər məsafədə və altı kilometr hündürlüyə qədər məhv edə bilir. İnfraqırmızı tuşlama sistemi və mobil platforması onu çevik müdafiə vasitəsinə çevirir.
Nəsə çox tanış gəlir, elə deyilmi? 2020-ci ildə II Qarabağ savaşında erməni silahlı qüvvələrinin ən dəhşətli yuxusu bizim ordunun istifadəsində olan uçuş aparatları idi. Məhz II Qarabağ savaşından sonra dünya, müharibənin yeni formata - dronların döyüşünə keçdiyini təsdiqlədi. Yeri gəlmişkən, bu gün Rusiya-Ukrayna müharibəsində də bu, geniş istifadə olunan formatdır.
Bu gün isə İran Ermənistana qardaşyana dəstək göstərir ki, al, bu da sənə yeni silah, başla müharibəni.
Bu məsələyə ciddi yanaşmalıyıq. Birincisi, qəbul etməliyik ki, İran son 36 ildə Ermənistanla mümkün olan bütün ittifaqlara girib. Yadınızdadırsa, II Qarabağ savaşından sonra ölkə başçısı İlham Əliyev Xankəndi ərazisinə dəyişdirilən nömrələrlə İran yük maşınlarının keçdiyini qeyd etmişdi. Bildirmişdi ki, "hər ayın əvvəlində bizə məlumat gəlirdi ki, İran TIR-larına ermənicə yazılar yapışdırmağa çalışırlar. Yəni, belə saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Bunu elə səriştəsizliklə etdilər ki, avtomobilin üzərində yazılar farsca, aşağı hissədə isə ermənicə idi". Daha sonra əlavə etmişdi ki, Azərbaycan tərəfi Xankəndiyə gedən yola tam vizual və texniki nəzarət edir və hər şeyi görür.
Yəni ki, nömrədir, addır, soyaddır, şərəfdir, bunları dəyişmək İran üçün iki vur ikidir - altdan fars, üstdən erməni.
Niyə bu silahlanma məsələsinə diqqət etməliyik və bu siqnalları ciddiyə almalıyıq?
İlk növbədə ondan başlayaq ki, Azərbaycan son altı ildə ancaq sülh ritorikasından çıxış edərək sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması üçün tədbirlər görür.
Görünən odur ki, İran Ermənistana təsir göstərərək Cənubi Qafqazda sülhün olmaması və ələlxüsus Azərbaycanın başının müharibəyə qarışması üçün çalışır.
Fakt budur ki, 2024-cü ildə İranla Ermənistan arasında 500 milyon dollarlıq silah anlaşması barədə razılıq əldə olunub. Danışıqların gündəliyinə "Mohajer" və "Shahed" dronları, eləcə də "Arman", "15 Khordad", "3rd Khordad" və "Majid" zenit-raket kompleksləri daxil edilib. Bundan əlavə, tərəflər kəşfiyyat sahəsində tərəfdaşlıq, mütəxəssislərin yetişdirilməsi, hərbi mütəxəssislərin cəlb olunması və Ermənistandakı strateji obyektlərin vəziyyətini də nəzərdən keçirirdilər.
Çox maraqlı məqam. Həm silah, həm də hərbi tərəfdaşlıq, ittifaq. Yəni söhbət sadəcə silah satdım, işim bitdi deyil. Bu, həm də döyüş və ya müharibə olduğu təqdirdə İran hərbi qüvvələrinin Ermənistanın silahlı qüvvələrinə dəstəyi deməkdir. Eynilə Xankəndiyə hərbi yük daşıyan İran yük maşınlarının nömrəsinin dəyişdirilməsi kimi... İranlı hərbçi rahatlıqla əyninə Ermənistan ordusunun formasını geyinir və Azərbaycana qarşı döyüşür...
Yadıma çox maraqlı tarixi məqam düşdü.
İkinci Dünya müharibəsindən əvvəl Böyük Britaniyanın kəşfiyyatı gizli məlumat əldə etmişdi ki, Adolf Hitler genişmiqyaslı müharibəyə başlayacaq. Lakin İngiltərənin baş naziri Nevill Çemberlen (Neville Chamberlain) düşünürdü ki, Hitlerlə razılığa gəlmək mümkündür.
O, müharibənin qarşısını almaq üçün 1938-ci ilin sentyabrında Almaniyaya üç dəfə səfər edir və Hitlerlə birbaşa danışıqlar aparır.
Birinci görüşdə (15 sentyabr 1938) Çemberlen Hitlerlə görüşərək, Çexoslovakiyadakı almanların (Sudet vilayəti) Almaniyaya birləşdirilməsi məsələsini müzakirə edir.
İkinci görüşdə (22-23 sentyabr 1938) Hitler yeni tələblər irəli sürür və onu müharibə ilə hədələyir. Yəni Hitler əsas niyyətini gizlətmir. Lakin Çemberlen özünü və ətrafını inandırmışdı ki, o, Hitleri fikrindən döndərə biləcək.
Lakin düz bir il sonra Hitler 1939-cu ilin martında Çexoslovakiyanın qalan hissəsini də işğal edir, Sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başlayır.
Çemberlenin sülh siyasətinin lap əvvəldən səhv olduğu və heç bir nəticə vermədiyi tam çılpaqlığı ilə meydana çıxır. Vəziyyəti idarə etmək üçün siyasi meydana və hakimiyyətə Çörçill gəlir və Hərbi Dəniz Naziri (Birinci Lord) təyin olunur. Onun II Dünya Müharibəsinin gedişatında oynadığı rol isə başqa söhbətin mövzusudur.
Yəni dediyim odur ki, hələ dünyanın düz vaxtında Çemberlenlə Hitlerin razılığa gəldiyi Münhen sazişinin belə kağız parçası qədər ucuz düşməsindən sonra tarixdən dərs çıxarmaqda hər birimiz üçün fayda var.
İran hakimiyyəti hər dəfəsində dostum-qardaşım, ömrün-həyatım Azərbaycan dedikcə, eyni zamanda da Ermənistana revanş, yeni müharibə və savaş üçün verdiyi dəstək tarixi dejavü yaşadır. Ermənistan da bu imkanlardan yaxşıca yararlanır. Arsenalını gücləndirir, üzdə bir rol, arxada başqa rol oynayır. Rəsmi Bakı hər şeyi görür, eşidir və qeydə alır.
Rəsmi Bakı həm də bilir ki, Tehran hakimiyyətinin göbək rəqsi, yayınmaları, dedi-qoduları, yaşmaqlanması nəticə verməyəcək.
Ermənistanın hərbi tədbirlərində İranın müdafiə sistemlərinin peyda olması, əvvəlki gizli daşınma yolları və Arazboyu keçirilən hərbi manevrlər, ponton körpülər, "qırmzı xətlər" yaddaşımızdadır. Zəngəzur dəhlizi məsələsinə verilən kəskin reaksiyalar da gözümüzdən qaçmır. Regional narahatlıqları dini şüarlar, antisionist iddialar və ya "sərhəd toxunulmazlığı" bəhanəsi ilə gizlətmək cəhdləri də bizə məlumdur. Lakin bu oyunlara artıq son qoyulmalıdır! Azərbaycan qonşu dövlətin arxadan vurduğu zərbəyə göz yummaq və bu düşmənçilik siyasətini "incə diplomatiya" adlandırmaq niyyətində deyil. Bu nə siyasətdir, nə də diplomatiya. Bu, açıq şəkildə düşmənçilikdir.
İran Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda status-kvonu qorumağa və Azərbaycanın yaratdığı yeni regional balansı zəiflətməyə çalışır. Amma və lakin Cənubi Qafqazdakı əsas oyunçunun, Azərbaycanın nəyə qadir olduğunu nəzərə almır.