ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Daha sonra prokuror təqsirləndirilənin iki il vəzifə hüququndan məhrum edilməklə 5 il sınaq müddəti olmaqla 9 il şərti azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Mehriban Rəhimli 1 il vəzifə hüququndan məhrum edilməklə 4 il sınaq müddəti olmaqla 7 il 6 ay şərti azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Rəhimli Baş Prokurorluqda "QHT işi" ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülərək təqsirləndirilən şəxs qismində cəlb edilib.
Elgün Həsənli