Azərbaycan iqtisadiyyatının 2021-ci ilin ilk üç rübündə sürətli bərpası təmin edilib.
Oxu.Az xəbər verir ki, bu, Asiya İnkişaf Bankının (ADB) “Asiyanın İnkişaf Perspektivləri” hesabatının dekabr buraxılışında öz əksini tapıb.
Bildirilib ki, iqtisadiyyatın möhkəmlənməsi 2021-ci ilin yekun ÜDM-də də artım proqnozuna əsas verib. 2021-ci ilin ilk doqquz ayında Azərbaycanda istehsalatda sürətli artım qeydə alınıb. Vurğulanıb ki, qlobal səviyyədə enerjiyə tələbin bərpası neft qiymətlərinin artması ilə hasilata da təkan verəcək.
Region üzrə inflyasiya proqnozu 2021-ci il üçün 7,7 faizdən 8,6 faizə, 2022-ci il üçün isə 6,7 faizdən 7,3 faizə yüksəldilib. Bölgə üzrə ən aşağı inflyasiya göstəricisi Azərbaycanda qeydə alınıb. Ölkə üzrə inflyasiya 5,7 faiz olaraq qiymətləndirilib. Ermənistanda inflyasiya 2021-ci ilin ilk 10 ayında 6,9 faizə, Gürcüstanda isə qlobal ərzaq və neft qiymətlərin, kommunal xidmət tariflərinin artması nəticəsində 12,8 faizə qədər qalxıb. Qazaxıstanda 2021-ci ilin ilk 10 ayında orta inflyasiya 7,9 faiz olub. Tacikistanda isə inflyasiya 2021-ci ilin ilk doqquz ayında mövsümi amilləri və pandemiya ilə bağlı xarici şoklarını əks etdirərək 9,6 faizə çatıb.
Nigar Məmmədova