Həsən Əliyev (keçmiş İnqilab) küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində dünəndən start verilən təmir işləri dayandırılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, buna səbəb qanunsuz parklanmalar olub:
“İyunun 17-si saat 23:00-dan etibarən küçənin bir hissəsində aparılan təmir işləri üzündən avtomobillərin hərəkətinə qadağa qoyulmuşdu. Təmir işləri 7-10 gün müddətində yekunlaşmalı idi. Lakin avtomobillərin yolu kobud şəkildə zəbt etməsi nəticəsində burada dözülməz vəziyyət yaranıb.
Vəziyyət artıq o həddə çatıb ki, ərazidə təmir işləri aparmaq mümkün deyil. Məhz bu səbəbdən bu gündən etibarən işlərin aparılmasının mümkünsüzlüyünü görən “Azəryolservis” ASC-nin rəhbərliyi ərazidən bütün texnikaların çıxarılması barədə qərar verib”.
P.Mürsəliyev təmir işlərinin nə zaman bərpa olunacağı və yolun nə vaxt tam açılacağının məlum olmadığını deyir:
“Avtomobil sahibləri bütün xəbərdarlıqlara baxmayaraq avtomobilləri ərazidən götürmürlər. Bu vəziyyətdə təmir işlərini davam etdirmək mümkün deyil. Təmirin nə zaman bərpa olunacağı və işlərin nə zaman yekunlaşacağını deyə bilmərəm”.