Bu gün SOCAR və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Birgə layihələrin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 55 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulub.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan yazısında bildirib.
“Son 20 ildə “Azəri-Çıraq-Günəşli” layihəsinə 3000-dən artıq yerli müəssisə və şirkət cəlb olunub.
2014-cü ildə uğurla başa çatan “Çıraq Neft Layihəsi” Xəzərdə tətbiq edilmiş yeni texnologiyaların əyani təcəssümüdür. Layihə üzrə yerli mütəxəssislər tərəfindən qabaqcıl dünya standartlarına tam uyğun şəkildə inşa olunmuş “Qərbi Çıraq” platformasının sutkalıq gücü 25 min ton neft, 8 mln. kubmetr qaz təşkil edir.
“Dədə Qorqud” üzən qazma qurğusu ilə burada 17 quyu qazılmışdır. Bu böyük layihə AÇG yataqlar blokundan hasilatın maksimum həddinin uzun müddət sabit saxlanılmasına hesablanıb”, - məqalədə deyilir.