Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rubl və lirədəki dəyər itkisi Azərbaycana necə təsir edəcək? - ŞƏRH
Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dollara nisbətdə dalğalanması davam edir.
Türkiyədə dollar lirəyə nisbətdə 6.10 lirə ətrafında stabilləşsə də, ABŞ valyutasının yenidən dəyər qazanacağı yönündə gözləntilər yüksəkdir. Eləcə də, Rusiyada dolların məzənnəsi 67.18 rubl təşkil edir.
İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, rəsmi Ankara dolların 6 lirə ətrafında məzənnəsini qoruyub-saxlamağa çalışsa da, bu, asan olmayacaq:
“Belə görünür ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var. Bu isə ABŞ-la Türkiyə arasındakı gərginliyin arta biləcəyindən, bunun baş verəcəyi halda lirənin yenidən təzyiqlə üzləşəcəyindən xəbər verir.
Rusiya rublu da yaxşı günlərini yaşamır. Amma rəsmi Kreml “rubla yenidən daha pis günləri yaşatmamaq” üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən “qara buludların” çəkildiyini söyləmək tezdir.
ABŞ prezidenti Trampın son “tweet”i avroya yenidən nəfəs qazandırır. ABŞ prezidenti Avropa və Çinin öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyərək Federal Ehtiyatlar Sisteminin uçot stavkasının artırılması ilə bağlı siyasətini tənqid edib.
Belə görünür ki, Tramp administrasiyası dolların səbət valyutalarına nisbətən möhkəmlənməsində hələ də maraqlı deyil. Trampın “ucuz dollar böyük ixrac” yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə, o zaman avronun yenidən möhkəmlənməsi mümkündür”.
İqtisadçı deyir ki, qlobal və regional valyuta bazarındakı dəyişikliklər, təbii ki, milli valyutamıza da psixoloji təsir göstərir:
“Lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi. Xarici valyutalara tələb nisbətən azalsa da, yenə də əvvəlki aylarla müqayisədə yüksəkdir.
Öncədən proqnozlaşdırdığımız kimi, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq. Belə görünür ki, Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır. Doğrudur, baş bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər.
Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da, aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil.
Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub-saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək.
Bütövlükdə, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara tələbin yenidən yüksələcəyi gözlənilir”.
Leyla Əliyeva
www.oxu.az
"Çin" teqi üzrə xəbərlər
- Çində idmançı-həkim rəqibini xəstəxanalıq etdi
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var