Ukrayna böhranına görə ABŞ və Qərb ölkələrinin sanksiyalarına sanksiya ilə cavab verən Rusiya embarqo səbəbindən meydana gələcək qıtlığı Azərbaycan vasitəsi ilə də ödəyəcək.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov deyib.
Rusiyanın bu sıxıntını çox asanlıqla qarşılaya biləcəyini deyən nazir bir sıra ölkələrlə bərabər, Azərbaycandan gələn mallara üstünlük verəcəklərini açıqlayıb:
“Türkiyə, Braziliya, Argentina, İsrail, Özbəkistan, Azərbaycan və Belarus kimi ölkələr bu qıtlığı rahatlıqla ödəyə bilər”.
Rusiya mətbuatında verilən xəbərlərdə, sanksiya əhatəsinə girən cəmi ixrac məhsulunun təxminən 9 milyard dollar dəyərində olduğu, bunun böyük qisminin də Avropa Birliyi ölkələrindən alındığı qeyd edilir.