Rusiyanın Türkiyəyə qaz nəqlini dayandırmayacağı ilə əlaqədar 10 milyard səbəb var.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Milliyyət qəzeti yazıb.
Türkiyə təbii qazın yarısını Rusiyada alır. Keçən il Türkiyə aldığı təbii qazın qarşılığında Rusiyanın “Qazprom” şirkətinə 10 milyard dollar ödəniş edib.
Bir müddət əvvəl isə Rusiya energetika nazirinin müavini Anatoli Yanovski Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus təyyarənin vurulmasından sonra Türkiyəyə təbii qazın nəqlinin dayandırılması ilə bağlı xəbərləri təkzib etmişdi.
“Qazın nəqli müqavilədəki öhdəliklərə uyğun davam edir. Əksi mümkün deyil”, - deyə o bildirmişdi.
“Uzunmüddətli dövr üçün Türkiyənin qaz nəqli baxımından Rusiyadan asılılığı İran və ABŞ-dan edilən tədarük hesabına azaldıla bilər. Türkiyə çox güman ki, Rusiya ilə olan enerji müqavilələrini dayandırmayacaq, amma alternativ bazarların axtarışına başlaya bilər. Türkiyə üçün alternativlər İran və ABŞ-dan alınan mayeləşdirilmiş təbii qaz (MTQ) ola bilər”, - deyə Methinks Ltd-in enerji təhlükəsizliyi üzrə eksperti John Roberts deyib.
Alfa Bankın analtiki Alexander Kornilov hesab edir ki, Türkiyəyə qaz nəqli bu ölkənin Suriya sərhədində Rusiyaya məxsus təyyarənin vurulmasından öncə qismən də olsa azaldılmışdı və yeni qaz xətti ilə bağlı danışıqlar dayandırılmışdı.
Keçən il Rusiya prezidenti Vladimir Putin Türkiyənin cənub Avropa üçün alternativ bir enerji xətti olacağını Qara dənizin altından Türk Axını adlanan yeni qaz xəttinin tikiləcəyini bildirmişdi.
İki ölkənin Suriya məsələsində qarşı-qarşıya gəlməsi ilə əlaqədar hələ keçən ay Rusiyanın Qazprom şirkəti Türkiyəyə nəql edilən qazın 50% azaldılacağını bildirmişdi. Qazpromdan verilən məlumata görə, Türkiyəyə satılan qaz şirkətin ümumi ixracatının 17%-ni təşkil edib.
Hazırda İran Türkiyəyə qazın nəqlini həyata keçirdir. İranla “Altılıq” ölkələri arasında əldə eidlən razılıqdan sonra bu ölkə Türkiyəyə qazın nəqlini artırmaq istəyir. Bundan başqa, Cheniere Energy şirketi 2016-ci ilin yanvar ayından Türkiyəyə mayeləşdirilmiş təbii qazın nəqlini planlaşdırır.
Ülviyyə R. Əli
www.oxu.az