Mənim hüquq-mühafizə orqanları tərəfindən həbs olunmağımla bağlı xəbərlər həqiqəti əks etdirmir.
Oxu.Az xəbər verri ki, bunu "APA-Economics"ə müsahibəsində "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburqdakı filialının direktoru Yaşar Səfərov deyib.
Y. Səfərovun sözlərinə görə, bu gün Rusiya hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarış bankın fəaliyyəti ilə bağlı olmayıb:
"ABB-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialı hazırda fəaliyyət göstərir. Bankın rəhbərliyi də yerindədir, bütün əməkdaşlar da gündəlik iş rejimi ilə fəaliyyətlərini davam etdirirlər. Yəni, bankın rəhbərliyi, əməkdaşları ilə bağlı heç bir problem yoxdur. Bu gün bir müştəri ilə bağlı hüquq-mühafizə orqanları əməliyyat keçirib.
Onu da yazıblar bankın üzərinə. Təbii ki, əməliyyat bankda keçirilib. Amma əməliyyat bir müştəri ilə bağlı olub. Bunun banka və əməkdaşlarına, rəhbərliyinə heç bir aidiyyatı yoxdur. Bizə də açıqlama vermədilər. Bilirsiniz ki, hüquq-mühafizə orqanları məlumat vermirlər. Müştərinin sənədlərini tələb elədilər, götürüb getdilər. Özüm hazırda bankdayam”.
O əlavə edib ki, həmin müştərinin Azərbaycanla heç bir əlaqəsi yoxdur:
“Hüquq-mühafizə orqanları bankın müştərisi olan, Rusiya qeydiyyatında olan hüquqi şəxslə bağlı sənədləri tələb edib”.
Y. Səfərov qeyd edib ki, hüquq-mühafizə orqanları müştəri ilə bağlı sənədləri tələb edəndə bank pulköçürmə ilə bağlı bir saatlıq texniki fasilə götürüb.
Onun sözlərinə görə, hazırda bank fasiləsiz iş rejimində fəaliyyətini davam etdirib.
15:13
Azərbaycan Beynəlxalq Bankı Rusiyada fəaliyyət göstərən “ABB-Moskvanın” Sankt-Peterburqdakı filialına polis hücumu ilə bağlı məlumat yayıb.
Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli Oxu.Az-a bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəliblər.
“Peterburq filialı hazırda işləyir və fəaliyyətində heç bir problem yoxdur”, - deyə, o, bildirib.
14:56
Dekabrın 17-də səhər saat 10.00 radələrində DİN-in İstintaq İdarəsinin Mərkəzi Rayon üzrə İdarəsinin əməkdaşları, Peterburq və Leninqrad vilayəti üzrə DİN-in İqtisadi təhlükəsizlik idarəsinin “bank” şöbəsinin əməliyyatçıları “Azərbaycan-Moskva Beynəlxalq Bankı”nın Peterburqda Marat küçəsi 63 ünvanında yerləşən filialına axtarışa gəliblər.
“Fontanka”nın məlumatına görə, bu tədbirlər pul vəsaitinin xaricə çıxarılması üzrə cinayət işinin çərçivəsində aparılır, Oxu.Az xəbər verir.
“ABB-Moskva” bankının rəsmi saytında göstərilən telefonlar üzrə zənglərə cavab verilmir, “bank-müştəri” xidməti hələlik işləyir.
Xatırladaq ki, “ABB-Moskva” bankı Azərbaycanın iri banklarından biridir. Bankın baş ofisi Bakıda yerləşir. Onun Moskva, Peterburq, Yekaterinburq, London, Lüksemburq, Dubay və Nyu-Yorkda ofisləri yerləşir.
Paytaxtda yerləşən baş ofisdən “Fontanka”ya verilən məlumata görə, hal-hazırda Marat küçəsində yerləşən Peterburq ofisində, pul köçürmələri də daxil olmaqla əməliyyatların aparılmasının mümkün olmadığını bildiriblər.
Əməkdaşlar bunu rabitə probleminin olması ilə izah ediblər və nasazlığın iki-üç saat ərzində aradan qaldırılacağı bildirilib.