İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, o cümlədən enerji, sənaye, İKT, təhsil və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini bildirib.
Nazir Azərbaycanın kənd təsərrüfatı, neft maşınqayırması, əczaçılıq, İKT, neft-kimyası sahələrinə investisiya qoyuluşu imkanlarını diqqətə çatdırıb. Azərbaycanın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlığına toxunan Ş. Mustafayev təşkilatın maliyyə dəstəyi ilə Azərbaycanda 50-dən çox layihənin həyata keçirildiyini qeyd edib.
Ş. Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha səfirin diqqətinə çatdırıb, Azərbaycanın işğal olunan ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını səfirə təqdim edərək, bunun yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.
R. Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycana yeni təyin olunmuş direktoru xanım Mikaela Meredisi təqdim edib, ölkələrimiz arasında iqtisadi əlaqələr, investisiya qoyuluşu, ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə danışıb. İqtisadi əməkdaşlığın perspektiv istiqamətləri barədə fikirlərini bildirən səfir R. Sekuta ABŞ-ın ticarət missiyasının 2015-ci ilin noyabrında Azərbaycana səfər edəcəyini vurğulayıb.
E.Ə.
www.oxu.az