Dövlət Neft Fondu hökumətlə birlikdə neft gəlirlərindən istifadənin yuxarı həddi ilə bağlı fiskal qaydalar üzərində işləyir.
Oxu.Az xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib.
Neft Fondlarının dövlətə lazım olmadığına dair suala cavab verən Ş.Mövsümov deyib ki, neft fondlarının yaradılmasının çox ciddi elmi əsaslandırılması var: "Son 50 ilə nəzər salsaq görərik ki, neft gəlirlərindən mərkəzləşdirilmiş qaydada istifadə etməyən ölkələr iqtisadi inkişaf baxımından digərlərindən geri qalır".
Ş. Mövsümovun sözlərinə görə, qısa müddət ərzində kifayət qədər böyük həcmdə vəsaitin daxil olması iqtisadiyyatın tarazlığını pozur, milli valyutanı kəskin bahalaşdırır, özəl sektorun rəqabət qabiliyyətini zəiflədir: "Bütün bunlar neft fondlarının yaradılmasının zəruriliyini bir daha ortaya qoyur. Təbii ki, fondların yaradılması əvəzinə pulların paylanılması variantı da seçilə bilər, lakin bunun sonu yaxşı olmur. Bunu bir neçə ölkənin misalında da göstərə bilərik. Lakin Azərbaycan və Qazaxıstanda istifadə olunan nümunə onu göstərir ki, neft fondlarının yaradılması düzgün, uzaqgörən, ölçülmüş addımdır".
Fondun əsas gəlir mənbəyinin neft-qaz satışından əldə olunan vəsaitlər olduğunu diqqətə çatdıran Ş.Mövsümov ARDNF yaradılandan 130 mlrd. dollardan çox vəsait daxil olduğunu deyib: "Bu vəsaitdən 75%-i müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilib, 25%-i isə qorunub. Hazırda Fondda 35 mlrd. dollar var. Qanunvericiliyə əsasən, ARDNF ölkə daxilində həyata keçirilən layihələrə investisiya yatıra bilməz. Bizim kifayət qədər diversifikasiya olunmuş portfelimiz var".
L.Ə.