“Xudafərin” MMC 2003-cü ildə tikib istifadəyə verdiyi binaya lift quraşdırmır.
Oxu.Az xəbər verir ki, Atatürk prospekti 221-233 ünvanında yerləşən binanın sakinlərinin Ölkə.Az-a verdiyi məlumata görə, “Xudafərin” MMC tikdiyi bina 2003-cü ildən istifadəyə verilsə də, lift quraşdırılmayıb.
Bina sakinlərinin sözlərinə görə, dəfələrlə “Xudafərin” MMC-nin rəhbərliyinə liftin quraşdırılması barədə şikayət ediblər, ancaq şirkət rəhbərliyi hər dəfə söz verməklə kifayətlənib.
Bina sakinləri bildirir ki, liftdən əlavə binanın pilləkənlərinin də təmirə ehtiyacı var, ancaq şirkət rəhbərliyi lift kimi bu məsələni, belə desək, “yola verir”.
Əldə etdiyimiz məlumata görə, binada liftin olmadığına görə yaşayış azlıq təşkil edir. Yalnız aşağı mərtəbələrdə yaşayış var. Bir neçə ailə isə əlacsızlıqdan yuxarı mərtəbələrdə yaşayır.
Məsələ ilə bağlı “Xudafərin” MMC rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.
Sayt yazır ki, “Xudafərin” MMC ilə bağlı kiçik araşdırma edərkən məlum olur ki, bu şirkətin tikdiyi binalarda daim problemlər olub.
İddia olunur ki, şirkətdə bir mənzilin bir neçə şəxslərə satılması, müştərilərin pullarının mənimsənilməsi halları çoxluq təşkil edir.
U.A.
www.oxu.az