"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icra olunan "Online Azərbaycan" layihəsi çərçivəsində bu gün ölkənin bütün guşələrində, o cümlədən hər bir kəndində genişzolaqlı internetə çıxış təmin edilib. Bu, hər ölkədə olmayan bir nailiyyətdir və bunu xüsusi vurğulamaq istəyirəm".
Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə İKT biznes forumunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O bildirib ki, rəqəmsal transformasiya yalnız infrastrukturla məhdudlaşmır, eyni zamanda, strateji yanaşma əsasında inkişaf edir:
"Belə ki, ötən il ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının rəqəmsal inkişaf konsepsiyası təsdiqlənib. Bu konsepsiya vətəndaşlar, biznes və dövlət üçün vahid rəqəmsal yanaşmanı formalaşdırıb. Çərçivə sənədi dövlət xidmətlərinin rəqəmsallaşdırılması, biznes üçün inzibati yüklərin azaldılması və vətəndaş məmnunluğunun artırılmasını əsas hədəf kimi müəyyən edib".
Nazir müavini əlavə edib ki, bu yanaşmaya uyğun olaraq yaradılan vətəndaşyönümlü həllərdən biri də "mygov" platformasıdır:
"Hazırda "mygov" Azərbaycanın ən sürətlə inkişaf edən və geniş rəqəmsal xidmət diapazonuna malik tətbiqlərindən birinə çevrilib. Platformanın istifadəçi sayı artıq 2.5 milyonu keçib ki, bu da ölkə əhalisinin təxminən dörddə birinin "mygov"dan istifadə etdiyini göstərir. "mygov" tətbiqi üzərindən təqdim olunan rəqəmsal şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədlər fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Vətəndaşlar ailə qurmaq, valideyn olmaq, təhsil almaq, əmək müqaviləsi imzalamaq və sosial təminatla bağlı sənədləşmə proseslərini tam rəqəmsal formada bu platforma vasitəsilə həyata keçirə bilirlər. Bu da fiziki məkana getməyə olan ehtiyacı aradan qaldırır".
Məhərrəm Əliyev